“Lüksemburqu kimsə “cırtdan ölkə” hesab edirsə, bu, düzgün deyil” – Şahin Diniyev

Dünən UEFA Millətlər Liqasında 2020/21-ci il mövsümünün püşkü atıldı. Turnirdə C liqasında mübarizə aparacaq Azərbaycan yığmasının rəqibləri Kipr, Lüksemburq və Monteneqro milliləri olub. Həm son Millətlər Liqasında, həm də AÇ-2020-nin seçmə mərhələsində uğursuz çıxış edən millinin bu dəfə hansı nəticəyə imza atacağı maraq doğurur. Yeri gəlmişkən, AÇ-2020-nin seçmə mərhələsindən sonra AFFA-nın yollarını ayırdığı millinin sabiq baş məşqçisi Nikola Yurçeviçi əvəzləyən hələ ki, tapılmır.

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərini və şanslarını dəyərləndirmək üçün yığmanın sabiq baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevlə əlaqə saxladıq. Diniyev, millinin “dişinə görə” komandalara rəqib olduğunu bildirdi:

“Ümumi götürsək, UEFA-nın bölgüsü belə idi ki, bərabər səviyyəli komandalar eyni qrupa düşməli idilər. Azərbaycan millisinin olduğu liqada da hamısı bərabər səviyyəli komandalar idi, 10 faiz aşağı, 10 faiz yuxarı olan millilərdir. Məsələn, Türkiyə, Rusiya kimi komandalar rəqibimiz ola bilməzdi. Millətlər Liqasının təşkil olunmasında məqsəd budur ki, yoldaşlıq oyunlarının əvəzinə keçirilsin və komandalara motivasiya olsun, millilər öz güclərinə uyğun komandalarla qarşılaşsınlar. Məqsəd budur ki, rəqabət olsun, böyükhesablı qələbələr, məğlubiyyətlər olmasın. Turnirdə iştirak edən hər komandanın da şansı olsun. Bilirsiz ki, bəzi millilərin dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması qəlizdir. Həmin turnirlərə getmək üçün bu yarış təşkil olunub.

O ki qaldı Azərbaycanın qrupuna, püşkdə potensial komandaların hamısı bərabər səviyyəli idi. Sadəcə, orda “ölüm qrupu” yarandı, Yunanıstan, Kosovo, Sloveniya kimi komandaların eyni qrupa düşməsi müəyyən qədər gözlənilməz oldu. Azərbaycan da Lüksemburq, Kipr və Monteneqroya rəqib oldu. Bu komandaların heç biri keçilə bilməyəcək rəqiblər deyil. Azərbaycan millisi bu rəqiblərdən nə yüksəkdədir, nə çox aşağıdadır. Hər dörd komandanın qrupdan çıxmaq şansı var. Lüksemburqu kimsə “cırtdan ölkə” hesab edirsə, bu, düzgün deyil. Bu millinin göstərdiyi oyun və inkişaf xətti yüksəyə doğru gedir. Kiprin də APOEL kimi komandası var, bir neçə milli üzvləri legioner kimi Avropa Liqasında mübarizə aparır. Monteneqro da Yuqoslaviya futbolu nümayiş etdirir. Amma hazırda bu milli Serbiya, Bosniya və Herseqovina, Xorvatiya kimi yığmalardan geri qalır. Püşkdə komandalar bölünərkən də gördük ki, bu komanda digərlərindən geri səviyyədədir. Monteneqro səviyyəcə Kosovo millisinə yaxındır.

Ümumilikdə, rəqib komandaların hər biri ilə oynamaq olar, “ölüm qrupu” deyil. Bu qrup Azərbaycan millisi üçün nə pis, nə də yaxşı qrupdur. Onsuz da bundan pis, ya da daha yaxşı qrup gözləmək olmazdı. Dediyim kimi, bir qrupdan başqa, qalanları normal qruplardır. Azərbaycan millisi rəqibləri ilə başa-baş mübarizə apara bilər”.

Aygül Qarayeva