“AFFA-ya yaxın olanlar yığmaya öz futbolçularını dürtüşdürməyə çalışırlar” – Zaur Ramazanov

Azərbaycan milli komandasının sabiq futbolçusu Zaur Ramazanov açıqlama verib.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu Azərbaycan yığmasına dəvət olunan futbolçulardan və qardaşı Ağabala Ramazanovun millidən kənarda qalmasından danışıb:

“Milli komanda kimlərinsə maraqları çərçivəsində formalaşır. AFFA-ya yaxın olanlar yığmaya öz futbolçularını dürtüşdürməyə çalışırlar. Məsələn, Riad Rəfiyev kimi. De Byazi ilə yaxınlıqdan istifadə edib prezidenti olduğu klubun 5-6 futbolçusunu yığmaya göndərir. Bununla kimlərəsə demək istəyir ki, mən kresloya oturandan sonra “Sumqayıt” inkişaf edib. Görün necə işləyirəm ki, 5-6 oyunçum əsas yığmadadı. Guya bilmirik onun əsas məqsədi nədi? O bununla demək istəyir ki, daha iddialı, daha çox büdcəsi olan kluba rəhbərlik etməliyəm. Futbol camiəsi yaxşı bilir ki, Rəfiyevin gözü hansı klubun prezident kreslosundadı.

O ki qaldı qardaşımın yığmaya dəvət olunmamasına, Riad Ağabalanı “Şerif”ə aparmaq istəyirdi. Agent kimi onun da bu transferdə qazancı olacaqdı. Ancaq moldovanların təklif etdiyi şərtlər Ağabalaya sərf etmədiyindən keçid baş tutmadı. Həmin gündən “Sumqayıt”in menecer-prezidentinin onunla arası dəydi. Bu gün də Rəfiyev qardaşımdan həmin heyfi çıxır. De Byazi ilə yaxınlıqdan istifadə edib, Ağabalanın yığmaya yolunu bağlayır”. (Futbol+)