Yurçeviç AFFA-dan 3 həftə vaxt istədi – Hesabat hazırlayacaq

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AFFA-dan üç həftə vaxt istəyib.

Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov Komanda.az-a açıqlamasında deyib. O, xorvatiyalı baş məşqçinin onlardan üç həftə vaxt istədiyini və Yurçeviçin böyük bir hesabat hazırlayıb, təqdim etdikdən sonra müzakirələrə başlayacaqlarını bildirib.

Yurçeviçin Azərbaycan millisi komandası ilə müqaviləsi bu ilin fevral ayında bitir. AFFA-nın baş katibi Elxan Məmmədov bir müddət əvvəl verdiyi açıqlamada, Yurçeviçlə bağlı qərarı AFFA İcraiyyə Komitəsinin verəcəyini deyib.

Azərbaycan millisi Yurçeviçin rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub. Bu isə futbol ictimaiyyəti, azarkeşlər arasında narazılığa səbəb olub.