Azərbaycan klublarının İsrailə üz tutması təsadüfdür, yoxsa… – Açıqlama

Azərbaycanın Premyer Liqa klubları növbəti mövsümün hazırlıqlarına start veriblər. Əksər klublar artıq transfer çalışmalarına da başlayıb və bu günə kimi xeyli sayda futbolçunun keçidi rəsmiləşib.

Diqqət çəkən məqamlardan biri bu yay Azərbaycana dəvət olunan bir neçə futbolçunun İsrail çempionatından gəlməsidir. “Qarabağ” Marko Yankoviçi (“Hapoel”, Təl-Əviv, İsrail), “Neftçi” Ataa Caber (“Aşdod”, İsrail) və Qodsvey Donyonu (“Makkabi”, Hayfa, İsrail), “Səbail” isə Luvaqa Kizitonu (“Hapoel”, Nof HaQalil, İsrail) transfer edib.

Azərbaycan klublarının İsrail bazarına üz tutması təsadüfdür, yoxsa hansısa bir səbəb var? Bu barədə tanınmış futbol meneceri Tural Əsgərovun fikirlərini öyrəndik. Tural bəy Komanda.az-a açıqlamasında bildirdi ki, bir neçə klubun İsrail çempionatına üz tutması sırf həmin bazarın əlçatan olması ilə izah oluna bilər:

“Klublarımızın İsrail bazarına üz tutması məsələsi yoxdur məncə. Bizim klublar əlçatan olan bütün bazarlara baxırlar. Görünür, bu dəfə təsadüfdən “Qarabağ” da, “Neftçi” də,” Səbail” də axtardıqları futbolçuları həmin bazarda tapıb. Mən əminəm ki, bu, sırf təsadüfdür. Təsadüfdür və həmçinin, belə izah etmək olar ki, İsraildən futbolçu almaq maliyyə baxımından uyğundur. Bundan başqa, belə də demək olar ki, İsraildən olan oyunçunun Azərbaycandan aldığı təklifi qəbul etmək ehtimalı çoxdur, nəinki İsveçdə oynayan futbolçunun. Yəni bir tərəfdən ölkə amili varsa, digər tərəfdən də maliyyə məsələsi var.

İsrail çempionatından transfer olunan oyunçuların nə qədər faydalı olacağı məsələsinə gəlincə, konkret demək olmaz ki, məsələn, biz ancaq Fransadan, İngiltərədən futbolçu alsaq, faydalı olacaq, Maltadan oyunçu gətirsək, biabırçılıq olacaq. Bu, konkret futbolçuya, onun gəldiyi kluba bağlı bir şeydir. Futbolçu uğurlu da ola bilər, uğursuz da”.

Bizi Telegramda izləyin