Azərbaycan güləşçisi Ukraynada çempion oldu!

Bu gün Ukraynanın Odessa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçirilib.

Komanda.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz Oyan Nəzəriani (+90 kq) keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq çempion olub.

Güləşçimiz əvvəlcə qrup mərhələsində ukraynalı rəqiblərinə – İvan Malin (3:0) və Roman Dovqalyuka (3:1) qalib gəlib. Yarımfinalda digər qrupun birincisi olmuş Məhəmməd Zəkəriyevi (Ukrayna) 3:0 hesabıyla məğlub edən Oyan finalda yenidən Dovqalyukla üz-üzə gəlib. Bu dəfə minimalhesablı qələbə Nəzərianinin çempion olması üçün kifayət edib.

Qeyd edək ki, bu uğur güləşçimizə 10000 reytinq xalı qazandırıb. Bununla da Oyanın xal ehtiyatı 28000-ə çatıb və öz çəkisində reytinqdə liderliyini bir qədər də möhkəmləndirib. Dünya Seriyasının sonuncu – final mərhələsi sentyabrın 7-8-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək və bu yarışda çempionlar 30000 reytinq xalı qazanacaq.