“Məqsədə doğru yolda Kişinyovdan da 3 xalla dönməliyik” – milli üzvü

Futzal üzrə qrup mərhələsi çərçivəsində keçirdiyi üçüncü oyunda Moldova yığması ilə qarşılaşan Azərbaycan millisi qələbə qazanmaqla həm xal ehtiyatını, həm də ən yaxın izləyicisi ilə fərqi artırmış oldu.

Komanda.az xəbər verir ki, bu qələbənin əldə olunmasında hücumçuların vurduğu qollarla bərabər, qapıçımızın da inamlı oyunu mühüm rol oynayıb. Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən Rövşən Hüseynli, qələbəyə aparan yoldan danışan zaman bunları deyib:

“Moldova haqda məlumatımız çox idi. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarına bələd idik. Bir-iki dəyişikliyi istisna etsək, demək olar, heyətləri də dəyişməzdi. Baş məşqçimiz də Slovakiya ilə oyunlarını analiz etmişdi, tapşırıqlarını vermişdi. Bir sözlə, hesab rəqibi necə incələdiyimizi göstərdi”.

Qolkiper, rəqibin qapıçını meydan oyunçusu ilə əvəzləməsinə rəğmən hesabı dəyişə bilməməsinə də toxunub:

“Moldova millisi təxminən 5 dəqiqə meydanda üstünlük qazanmağa çalışdı. Onlar qapıçını meydan oyunçusu ilə əvəzləsələr də, cəmi bir dəfə qol vurmağa yaxın oldular. Bu da baş məşqçimizin rəqibi nə qədər yaxşı təhlil etdiyini göstərir”.

Hüseynli, baş məşqçinin əsas tapşırığının isə erkən qol vurmaq olduğunu bildirib:

“Alesio dedi ki, qol epizodlarından düzgün istifadə etməli və hesabı erkən açmalıyıq. Çünki Moldova futzalçıları müdafiəyə çox diqqət ayırırdı, sanki meydana 1 xal qazanmaq üçün çıxmışdı. Top onlarda olanda hücuma qoşulmaqdan çox, vaxtı udmağa çalışırdılar. Vurduğumuz qoldan sonra rəqib müdafiədən çıxmağa başladı. Ondan sonra biz oyuna tam diktə edən tərəf olduq və 3 xal qazandıq”.

Cavab oyununa da toxunan qapıçı bunları deyib:

“Fərqli taktika ilə oynayacaqlarına inanmıram. Ola bilsin, topa nəzarət etməklə bərabər, hücumlar qurmağa çalışsınlar. İddialarını davam etdirmək üçün xal qazanmaq istəyəcəklər və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklər. Əslində, bu bizə sərf edir. Açıq oyun zamanı onlar boşluq verəcək, biz də bundan istifadə edəcəyik. Bu, mənim fikrimdir. Əlbəttə, yekun qərarı, tapşırığı baş məşqçi verəcək. Biz isə onun istəyini həyata keçirəcəyik. Məqsədə doğru yolda Kişinyovdan da 3 xalla dönməliyik”.