Azərbaycan cüdoçularından AÇ-də daha 3 medal

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxıb.

Komanda.az xəbər verir ki, onlardan 4-ü kişilərin, biri isə qadınların mübarizəsinə qatılıb.

Qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olub. Bu görüşdən məğlub ayrılan 29 yaşlı idmançı gümüş medalla kifayətlənib.

Kişi cüdoçulara gəldikdə, Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar. Onlar müvafiq olaraq türkiyəli Mixael Zqank və bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər və qələbə qazanıblar.

100 kq çəkidəki daha bir cüdoçu Elmar Qasımov 7-ci yerlə kifayətlənib. Uşangi Kokauri (+100 kq) isə elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub.

Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparıb.