Azərbaycan çempionatında ilk günün qalibləri bəlli oldu

Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mərasimdə ilk olaraq Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov çıxış edib. O, ölkəmizdə ağır atletikanın inkişafı haqda danışaraq gələcəkdə daha böyük uğurlar qazanılmasına inamını ifadə edib. O, həmçinin Azərbaycanda qadın ağır atletikasının yüksəlişini də qeyd edib. İsmayılov bütün yarış iştirakçılarını yeni mövsümün açılışı barədə təbrik edib və uğurlar arzulayıb.

Daha sonra söz Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulova verilib. O, atletlərimizin 2019-cu ildə uğurlu çıxış etdiyini, həm bu Olimpiya ilində, həm də növbəti illərdə bu xətti davam etdirəcəklərini, yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın üzvlərinin böyük perspektivlərini daha da inkişaf etdirməyə çalışacaqlarını bildirib.

Sonra çempionat rəsmən açıq elan edilib. Azərbaycan Respublikasının Dövlət Himni çalınıb.

Mərasim zamanı bugünlərdə 60 yaşını qeyd edən təcrübəli mütəxəssis, SSRİ idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Azad Mustafayevin yubileyi fərqləndirilib. Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimovun xüsusi təbrik məktubu oxunub, ona həyatında yeni uğurlar, müvəffəqiyyətlər arzulanıb, karyerası ərzində Azərbaycan idmanının inkişafı üçün xidmətləri təqdir edilib, təşəkkürlər bildirilib. Mustafayevə Azərbaycan Ağır Atletika Federasiyasının hədiyyəsi də təqdim edilib.

Yarışa gəlincə, kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olanlar çıxıb. Toplam 195 kq (85+110) çəkini ram edən Əvəz Tağıyev çempion adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kq (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kq (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.

Kişilər arasında növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.

İlk yarış günündə son olaraq kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Toplam 239 kq (110+129) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 238 kq (111+127) nəticə ilə Murad Əliyev, üçüncü pillədə isə toplam 230 kq (100+130) nəticə ilə Elməddin Hüseynov yer alıb.