Azərbaycan çempionatında bir oyuna 42 qol

Bu gün “Olimpik Star”da futzal üzrə Yüksək Liqanın 19-cu turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk matçda “Yasamal”lar qarşılaşıb. Əsasən İrandan dəvət edilmiş legionerlərdən qurulmuş MFK böyükhesablı qələbə qazanıb. Mortoza Cahandost isə 5 qol vurmaqla qələbədə əsas pay sahibi olub.

Turun mərkəzi oyununda isə lider “Araz” üçüncü sırada yer alan “Neftçi” ilə üz-üzə gəlib. Xətai Bağırov 4 oyunluq cəzasını başa vurduğundan, qış fasiləsindən sonra ilk oyununa çıxıb. Oyunda hesabı “Neftçi” açıb. Rizvan Fərzəliyevin cərimə meydançası daxilindəki qayda pozuntusunu hakim penalti kimi dəyərləndirib. Bir kapitanın “hədiyyə”sini digər kapitan tora qovuşdurub. 5-ci dəqiqədə təcrübəli Borisovun zərbəsi isə tirdən geri qayıdıb. Bir qədər sonra Masoud Nasirzadegah qapıçı ilə duelə yollansa da, “çərçivə”yə düşə bilməyib. 8-ci dəqiqədə isə Xətai Bağırovun 10 metrlik zərbəsini qapıçı geri qaytarıb. İkinci hissəyə son çempion ardıcıl hücumlarla başlayıb. Əvvəlcə Mikaeli, ardınca Atayev dəqiq oynaya bilməyib. Hətta bir epizodda İsanın zərbəsindən sonra Zamanov topu qapı xəttinin üstündə tutub. “Araz”ın təzyiqi 25-ci dəqiqədə effekt verib. Neyməti hesabı bərabərləşdirib. 27-ci dəqiqədə Vitali Rüfətin dirəyin dibinə ötürməsini qola çevirə bilməyib. Əvəzində “Araz” hesabda önə keçib. Künc nöqtəsindən ötürməni nəzarətsiz qalmış İsa Atayev torla qovuşdurub. Sona 5 dəqiqə qalmış “Neftçi”nin qapıçını meydan oyunçusu ilə əvəzləməsi “Araz”ın işinə yarayıb. Rizvan boş qapıya düşməklə fərqi 2 topa çatdırıb. Düzdü, 1 dəqiqə sonra “Neftçi” 10 metrlik zərbə vurmaq hüququ qazanıb, ancaq Vitali Rövşənlə dueldən məğlub ayrılıb. 37-ci dəqiqədə Borisova qarşı kobud oyuna görə “Neftçi” növbəti dəfə 10 metrlik zərbə vurmaq hüququ qazanıb. Bu dəfə Vahid Şəfayi arxa toru nişan alıb. Nəhayət 30 saniyə qalmış Rüfət 10 metrlik zərbə ilə fərqi minimuma endirib və oyun “Araz”ın qələbəsi ilə başa çatıb.

Tura çempionluğa iddialı EKOL və “Liman”ın görüşü ilə yekun vurulub. Oyun təcrübəli hücumçu Namiq Məmmədkərimovun qolları sıralaması ilə yadda qalıb. Bununla da o, bombardirlər yarışına başçılıq edən Hadi Rezvanı qabaqlamağı bacarıb.

Yüksək Liqa, 19-cu tur

22 fevral

Yasamal İSK – Yasamal MFK Baku 2:12
Qol: N. Mahmudov, 05:42, İ. Təhmirazlı, 21:39 // M. Cahandost, 02:31, 04:15, 32:02, 32:47, 38:52, M. Foulad, 08:10, X. Əhməd, 10:23, O. Oraz, 18:50, 24:06, 30:17, T. Lətifov, 34:03, R. Akbari, 39:44.
Hakimlər: Anar Fərəcov, Vaqif Musayev, Elmir Quluzadə.
Olimpik Star. Saat 12:30.

Neftçi – Araz 2:3
Qol: R. Balakişiyev, 02:06 (pen.), 39:33 // M. Neyməti, 24:40, İ. Atayev, 27:56, R. Fərzəliyev, 35:48.
Hakimlər: Azər Əsgərov, Ramil Namazov, Elman Musayev.
Olimpik Star. Saat 14:30.

Liman – EKOL 4:38
Qol: V. Ansari, 07:55, M. Əhmədzadə, 21:14, 38:30, M. Qənbərli, 32:43 // N. Məmmədkərimov, 00:36, 01:50, 03:29, 04:25, 05:38, 10:28, 11:58, 12:33, 13:02, 14:36, 14:57, 17:30, 34:47, 35:29, 36:43, 38:44, 39:48, 39:59, S. Həmzəyev, 01:23, Ə. Abasov, 03:52, 05:06, 13:33, 15:57, 22:29, 29:20, 37:26, 37:55, 39:16, R. Çovdarov, 06:35, 12:18, 14:00, 31:06, 33:25, Ə. Ələsgərli, 07:36, R. Əhmədov, 23:42, 35:08, 35:46, 36:06.
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Vüsal Balaşov.
Olimpik Star. Saat 16:30.