“Ayxan Abbasovun şikayət etməsi mənə qəribə gəldi” – PFL rəsmisi

Azərbaycan Premyer Liqasında koronavirusa yoluxan şəxslərin sayı artmaqda davam edir. Artıq komandalar da məlum səbəbə görə çətinlik çəkir. Bu səbəblə, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqada “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra çempionatın dayandırılması məsələsinə toxunmuşdu. Futbolçu qıtlığından əziyyət çəkdiklərini bildirən Abbasov, çempionatın dayandırılmasının daha məqsədəuyğun ola biləcəyini qeyd edib.

Məsələylə bağlı Peşəkar Futbol Liqasının (PFL) münasibətini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Komanda.az-a açıqlamasında liqanın dayandırılmasının gündəmdə olmadığını bildirdi:

“Ayxan Abbasovun fikirləri ilə tanışam. Çempionatın dayandırılması hazırda gündəmdə deyil, çünki üzvü olduğumuz qurumlar var. Onların hər birində çempionat davam edir. İstər UEFA, istərsə də Avropa Peşəkar Futbol Liqaları ilə mütəmadi olaraq əlaqədəyik və onların heç birində çempionat dayandırılmayıb. Liqa ilə bağlı əsasnamə, əsasnaməyə əlavə var, hər şey ona uyğun davam etdirilir. Hər liqada çempionatın dayandırılması fərqli şərtlərlə həyata keçirilir. Məsələn, elə liqa var ki, bir komandada 7 futbolçu koronavirusa yoluxsa, oyun təxirə salınır. Bəzi liqalarda ümumiyyətlə oyun dayandırılmır, birbaşa komandaya texniki məğlubiyyət verirlər. Bəzilərində 7 sağlam futbolçu olsa belə, oyun davam etdirilir. Bir daha bildirirəm ki, hər liqanın öz əsasnaməsi var və hər şey əsasnamə ilə tənzimlənir. Şükürlər olsun ki, bizdə vəziyyət hələ ki, o qədər də acınacaqlı deyil. Bütün komandalar test verir və nəticəsində problem olan futbolçu meydana çıxmır”.

Qurum rəsmisi Abbasovun fikirlərinə də münasibətini bildirdi:

“O ki qaldı “Sumqayıt”a, açığı, Ayxan Abbasovun açıqlaması mənə təəccüblü gəldi. Çünki “Sumqayıt”da koronavirusa yoluxmuş bir futbolçu belə yoxdur. “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev şikayət etsə, hardasa başa düşərdim, səhv etmirəmsə, onlarda 3-4 koronavirusa yoluxan futbolçu var. Amma “Sumqayıt”da belə bir problem yoxdur. Ayxan Abbasovun şikayət etməsi mənə qəribə gəldi.

Bir daha qeyd edirəm ki, çempionatın dayandırılması gündəmdə deyil. Bununla bağlı AFFA və PFL məsələləri diqqətdə saxlayır. Çempionatın dayandırılması hansısa komandanın istəyindən asılı olan bir məsələ deyil”.

Şahin Cəfərov