Avropaya kim getməlidir: “Qəbələ”, yoxsa “Sumqayıt”? SORĞU

Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ”ın “Səbail”ə qalib gəlməsi ilə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adına aydınlıq gəldi. “Neftçi” ilə “Səbail” isə Avropa Liqasında mübarizə aparacaq. Sual doğuran yeganə məsələ Avroliqaya gedəcək 3-cü komandanın hansı olacağıdır: “Qəbələ”, yoxsa “Sumqayıt”. Bu iki komanda ölkə kubokunun final matçında qarşılaşacaq və bütün suallara da həmin görüşdə aydınlıq gələcək. Biz isə idman yazarlarına “Azərbaycanı avrokuboklarda təmsil edəcək klublardan nə gözləyirsiz, Avropa Liqasına “Qəbələ”nin, yoxsa “Sumqayıt”ın getməsini istərdiz” sualları ilə müraciət etdik:

Amal Abuşov (Sport7.az)

“Klublarımızdan elə də böyük uğur gözləmirəm. Keçənilki nəticələr aşağı-yuxarı təkrarlanacaq, çünki səviyyə eynidir. Kubok qarşılaşmasında isə “Qəbələ”ni favorit görürəm. Məncə, Avropa Liqasında onlar iştirak edəcək”.

İlkin Baba (Azərbaycan radiosu)

“Keçən mövsümün uğursuzluqlarını yenidən yaşayacağımızı düşünürəm. Düzü, bu mövsüm “Qarabağ” çempion olsa belə, heyət baxımından mənə zəif təsir bağışladı. İnanıram ki, yeni transferlər edib, komandanı Çempionlar Liqasında mübarizə aparacaq gücə gətirərlər. “Neftçi” isə azarkeşlərinə “Uypeşt” məğlubiyyətini unutduracaq heyətə malikdir. Yəqin ki, Roberto Bordin çempionatdakı səhvləri Avropa arenasında etməz. “Səbail” Avroliqada debüt edəcək. Ona görə də, komandadan hansısa nəticəni gözləmirəm. İlk mərhələdə çıxışını başa vursa, bunu faciə saymaram.

Avropa Liqasına “Qəbələ” və ya “Sumqayıt”ın getməsi məsələsinə gəlincə, “Qəbələ”də yaxşı heyət, zəif baş məşqçi var. “Sumqayıt”da isə heyət zəifdir. Ayxan Abbasovu zəif məşqçi saymıram. Hazırkı vəziyyətdə hər iki komanda mənə eyni təsir bağışlayır. Bir tərəfdə “Neftçi”ni çempionluqdan edən “Sumqayıt”, digər tərəfdə isə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Qəbələ”. Bunu nəzərə alsaq, “Sumqayıt” daha əzmkar komandadır”.

Ceyhun Rzayev (Xəzər TV)

“Ölkə kubokunun finalında kim güclüdürsə, kim layiqdirsə, o qələbə qazansın, amma mən istəyərdim ki, “Qəbələ” qalib gəlsin. Çünki bu komanda daha köklü tarixə, yaxşı infrastruktura malikdir. İnanıram ki, “Sumqayıt”la müqayisədə “Qəbələ” avrokuboklarda Azərbaycanı daha yaxşı təmsil edə bilər. “Qarabağ”ın Avropa Liqasının qrupuna vəsiqə qazanmasını çox istəyərdim. İnanıram ki, bir neçə yaxşı transferlə bu baş verəcək. “Neftçi”dən isə azı iki mərhələni keçməsini gözləyirəm. Bacarsalar, Avropa Liqasının qrupuna düşsələr, bu, fantastik olar. “Səbail” isə gənc komandadır, ilk dəfə Avropa meydanlarında mübarizə aparacaq. Bir mərhələ keçsə, bu, artıq özü böyük bir uğur olacaq”.

Mehman Süleymanov (Sport24.az)

“Əvvəlki mövsümlərdə olduğu kimi, avrokuboklarda ən böyük gözləntim “Qarabağ”la bağlıdır. Qurban Qurbanovun komandası avrokuboklarda böyük təcrübəyə malikdir və uğurlu çıxış ilə, ən əsası, hər dəfə qrup mərhələsinə vəsiqə qazanmaqla bizi sevindirəcəyinə artıq adət etmişik. Təbii ki, iki il əvvəl yaşadığımız həmin hissləri yenidən yaşamağı – Çempionlar Liqasının himninin Bakıda səslənməsini çox istəyirik. Bunun reallaşmasında püşkün də təsiri var. Hazırkı “Qarabağ”ın gücü bəlli olsa da, bir neçə mövqedə, xüsusilə, hücum xəttində güclənməsinə ehtiyac var. Proqnozum belədir ki, Ağdam klubunu yenə qrupda görə biləcəyik. Bunun Çempionlar Liqası, yoxsa Avropa Liqası olacağını isə zaman göstərəcək.

“Neftçi”nin bəxtinə yenə güclü rəqib düşsə, işi çətin olacaq. “Ağ-qaralar”ın son illərdə Avropa səhnəsində özünü göstərə bilməməsi reytinqinə mənfi təsir göstərir. Roberto Bordin baş məşqçi postunda qalarsa, onun keçən ildən acı “Uypeşt” nümunəsi var və bu uğursuzluqdan nəticə çıxararaq, həmin səhvləri buraxmaması lazımdır. Əlbəttə, “Neftçi” bu dəfə ölkəmizi layiqincə təmsil etmək üçün heyəti gücləndirməli, oyun planında daha da irəliləyişə nail olmalı və üzərində olan gərginliyi aradan qaldırmalıdır. Yeni baş məşqçi gətiriləsi olsa, işi daha çətin olacaq. Çünki qısa müddətdən sonra ciddi imtahan – Avroliqada sınaq olacaq. Ən çətin iş “Səbail”in üzərinə düşür. Əvvəla, bu komanda avrokuboklarda debüt edəcək və qitəmiqyaslı turnirlərdə təcrübəsi yoxdur. Baş məşqçisi Aftandil Hacıyev gənc mütəxəssisdir ki, o da Avropa arenasında təcrübəyə malik deyil. Üstəlik, komanda heyətinə əməlli şəkildə “əl gəzdirməlidir”. Hər halda, Hacıyev də dünənki matçdan sonra mətbuat konfransında etiraf edib ki, hazırkı heyətlə Avropa Liqasında uğurlu çıxış olduqca çətin olacaq. “Səbail” üçün hazırda ən problemli mövqe qapıdır ki, “1 nömrə”si Aleksandr Rıbka ağır zədə üzündən əməliyyat olunaraq, bu ilin sonuna kimi sıradan çıxdığından, yeni qolkiperə ehtiyacı var. Komanda Avropada “siftə” etdiyindən, reytinqi olmadığından, güclü rəqiblə qarşılaşacağını indidən demək olar.

Avrokuboklarda son təmsilçimizi ölkə kubokunun finalının müəyyənləşdirəcəyini indidən əminliklə söyləmək olar. “Qəbələ” və ya “Sumqayıt”dan kimin kuboku qazanması Avroliqada son vəsiqəyə sahib olması deməkdir. “Qəbələ” məhz hazırkı baş məşqçisi Sənan Qurbanovun rəhbərliyi altında ötən yay Avroliqada o qədər güclü rəqib olmayan Lüksemburq “Proqres”ini keçə bilmədi. İndi “Qəbələ”ylə bağlı bir çoxunu düşündürən prezident dəyişikliyindən – Tale Heydərovun vəzifəsindən gedişindən sonra klubun maddi durumunun necə olacağıdır. Məlumdur ki, bu komandada bahalı legionerlər çıxış edir və onları növbəti mövsümdə saxlamaq çətin olacaq. “Qəbələ” legionerlərinin hamısını yola salıb, yalnız yerli futbolçularla yoluna davam edərsə, bu, avrokuboklarda işini daha da çətinləşdirəcək. Hər halda, hazırkı komandanın əsas gücü legionerləridir. Bu mövsümkü “Qəbələ”nin əsas problemi qeyri-sabit çıxışıdır ki, bu, avrokuboklarda da sözünü deyəcək. “Sumqayıt” kimi “Qəbələ”nin hələ ki, titulu yoxdur. Ancaq “gənclik şəhəri”nin təmsilçisi rəqibindən fərqli, avrokuboklarda da çıxış etməyib. Lakin komandadan fərqli olaraq, baş məşqçisi Ayxan Abbasovun avrokuboklar təcrübəsi var. Bunu iki il öncə çalışdırdığı “Zirə”ylə elə Avroliqada mərhələ adlamaqla reallaşdırıb. “Sumqayıt”ın seçdiyi strategiya əsasən, heyətində yerli futbolçular, xaricdən gətirilən Azərbaycana bağlı olan oyunçulardır. Komanda avrokuboklara çıxarsa, legionerlər cəlb olunub-olunmayacağı maraq doğuran məsələdir. Hər halda, əcnəbi futbolçular Avropa arenasında klublarımıza çox lazım olur. “Sumqayıt” avrokuboklara çıxarsa, ölkəmizi necə təmsil edəcəyi maraq doğurur. Hesab edirəm ki, “Qəbələ” heyətini saxlaya bilməzsə, xeyli zəifləyərsə, sumqayıtlıları ilk dəfə avrokuboklarda görmək daha maraqlı olardı”.

Elşən Məmmədov (Report.az)

“Hər şey püşkün nəticəsindən və püşkatma zamanı klublarımızın hansı səbətdə yer almalarından çox asılı olacaq. Hələlik üç klubumuzun avrokuboklarda iştirakı dəqiqləşib. Dördüncüsü isə ya “Qəbələ”, ya da “Sumqayıt” olacaq. “Qarabağ” Çempionlar Liqasında ən azı ilk püşkatma zamanı səpələnmişlər sırasında yer alacağından, daha şanslıdır.

Avropa Liqasına gəldikdə, Azərbaycanın hazırkı reytinqi elədir ki, hətta “Səbail” də püşkatma zamanı səpələnmişlər sırasına düşə bilər. Digər klublarımızla müqayisədə, Azərbaycan kubokunun sahibi Avroliqada mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. “Qəbələ” kuboku qazansa, böyük ehtimalla, səpələnmişlər sırasında olacaq. Bu mənada, “qırmızı-qaralar”ın Avroliqaya gedişi Azərbaycan futbolu adına daha yaxşı olar. Amma bunun üçün hazırkı heyətin aparıcı üzvlərini qorumaq, daha səviyyəli oyunçular cəlb etmək lazımdır. Büdcəsi xeyli azalan “Qəbələ”də belə bir irəliləyişin olacağını gözləmək çətin məsələdir.

Əvəzində “Səbail” və “Sumqayıt” xüsusən, mövsümün ikinci yarısında sərgilədikləri oyunla qitəmiqyaslı turnirlərdə münasib rəqiblə görüşlərdə mərhələ adlaya bilərlər. Üstəlik, onların yayda daha da güclənəcəkləri ehtimal olunur. İstənilən halda, ötən mövsümkü Avroliqa uğursuzluğunun təkrarlanacağı, elə ilk mərhələdəcə üç klubumuzun mübarizəni dayandıracağı gözlənilmir”.

Aygül Qarayeva