Avropa çempionatında daha 3 medal

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb – 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb – 1:9. Nihat bürünc medal uğrunda görüşdə isveçli İlyas Ayhana qalib gəlib – 6:0.

Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi minimal fərqlə (3:2), 1/8 finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. 1/4 finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub – 1:4. Kənan bürünc medal uğrunda mübarizədə israilli Şon Nadergindən güclü olub – 6:1.

Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. Güləşçimiz rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, Qurban sırayla norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gəlib. Rəqibinə minimal fərqlə (1:2) uduzan Qurban gümüş medalı boynundan asıb.

Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub – 3:0. Ancaq 1/4 finalda gürcü Açiko Bolkvadze keçilməz olub – 1:6. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşə çıxıb. Ancaq Rauf ukraynalı Ruslan Abdiyevlə də bacarmayıb – 0:9.

Beləliklə, yunan-Roma güləşçiləri Avropa çempionatında ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button