“Atletiko”nin hücumçusu məhkəməlik oldu

İspaniya yığmasının və Madrid “Atletiko”sunun hücumçusu Dieqo Kosta məhkəməlik olub.

Komanda.az xəbər verir ki, Braziliya əsilli futbolçunun İspaniyada 1 milyon avro vergidən yayındığı üzə çıxıb.

Madrid məhkəməsi iddia edir ki, Dieqo Kosta 2014-cü ildə 1 milyon avrodan çox vergidən yayınıb. Braziliyalı forvard həmin il İngiltərə təmsilçisi “Çelsi”yə transfer edilsə də, buna qədər vergi maxinasiyalarına əl atdığı üzə çıxıb. Hazırda araşdırmalar davam etdirilir və məhkəmənin nə vaxt yekun qərar çıxaracağı açıqlanmır.

Xatırladaq ki, son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kristiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Mariya, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.