“Atletiko” hücumçusunu İtaliya klubuna satdı

İtaliyanın “Verona” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Madrid “Atletiko”sunun hücumçusu Nikola Kaliniçi transfer edib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Xorvatiya yığmasının da üzvü olan 32 yaşlı hücumçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Kaliniç 2018-ci ildən “Atletiko”da idi. O, 2018/19 mövsümündə Madrid təmsilçisində 24 oyun keçirsə də, ötən mövsüm “Roma”ya icarəyə verilmişdi. Karyerası ərzində “Hayduk”, “İstra”, “Şibenik”, “Blekbern”, “Dnepr”, “Fiorentina” və “Milan” klublarının da formasını geyinmiş futbolçu bütövlükdə 480 oyuna 162 qola imza atıb.

“Verona” Kaliniçdən əlavə, Argentinanın “Belqrano” klubunun müdafiəçisi Bruno Amioneni də transfer edib. 18 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Verona” “Fiorentina”nın müdafiəçisi Federiko Çekkerini ilə “Sassuolo”nun müdafiəçisi Canyakomo Maqnanini də mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.