Arxadan vurulan təpik

Şahin Cəfərov

Dünən Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına 1:5 hesabıyla, darmadağın olaraq, əzilərək məğlub oldu. 1:5 hesabıyla bitən matçdan sonra Azərbaycan millisinin azarkeşi hesabı həzm edə bilməyib, slovak azarkeşin birinə arxadan təpiklə vurub. Nə olduğunu başa düşə bilməyən slovakiyalı arxaya çöndükdə, bizim “qəhrəman” dərhal, dabanına tüpürüb və qaçmağa başlayıb. Bu, Azərbaycan – Slovakiya matçının qısa icmalı kimidir.

Azərbaycan millisi hücum edir, qarşısında Milan Skriniarı görür və dərhal da geri addım atmağa başlayır. Slovakiya millisi dünən Azərbaycan millisinin futbolçularına “futbol nədir? onu necə oynamalı?” kimi sualların cavabını göstərdi. Adamlar iki ötürmədən əvvəl hansı komanda yoldaşının harda olacağını, hansı tərəfə ötürmə verəcəyini hesablayır. Qısa və sürətli ötürmələr qarşısında aciz qalan azərbaycanlı futbolçular isə nə olduğunu anlamaqda çətinlik çəkir. Milli komandamızın oyunçuları slovaklara baxır, onlar da qısa və sürətli ötürmələrlə nəsə etməyə çalışmağı düşünür. Ancaq məsələn, Qara Qarayev iki ötürmə əvvəli fikirləşməkdənsə, ağlına gələn tək şeyi – arxada müdafiəçilərin olduğunu və topu dərhal onlara verməyi seçir. Ən asan və rahat yolu.

Ağabala Ramazanovun isə dünən varlığı ilə yoxluğu bilinmirdi. Yaddaşımda qalan epizod rəqibin ayağına təpiklə vurması idi. Allahdan hakim görmədi, ya da gördü, keçdi.

Araz Abdullayev 2-3 dəfə rəqibini driblinqlə keçsə də, cərimə meydançasına yolladığı top ya stadionun kənarındakı parka, ya da mağazaların birinə tərəf gedirdi.

Oyunda nəsə etməyə çalışan Ramil Şeydayev idisə, bir o qədər də xilaskar Səlahət Ağayev idi. Bəlkə də, etdiyi bəzi gözəl qurtarışlar olmasaydı, hesab daha bərbad və biabırçı olardı. Onsuz it də getmişdi, ip də.

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç oyundan əvvəl və sonra keçirilən mətuat konfransında rəqibin futbolçularının səviyyəsindən danışırdı. Niyə də danışmasın? Reallığı deyir də. Slovakiyanın əsas heyətinin 7-8 üzvü Avropanın TOP-5 liqasında çıxış edir. Stanislav Lobotka “Selta” forması ilə sərgilədiyi oyunla “Tottenhem” kimi Çempionlar Liqasının son finalçılarından olan klubun diqqət mərkəzindədir. Slovakların sol cinahında David Hankodur. Hansı ki, 2016-2018-ci illərdə “Jilina”da çıxış edib, 2018-ci ilin yayında isə İtaliyanın ortabab klubu “Fiorentina”ya keçib. Ramil Şeydayev də 2017-2018-ci illərdə “Jilina”da çıxış edib. Ancaq o, “Fiorentina” kimi İtaliyanın ortabab klubuna yox, Azərbaycan çempionu “Qarabağ”a gəlib. Ümumiyyətlə, bizdə hansı futbolçu kimin diqqət mərkəzində olub? Hansı çempionatın klublarının? Ən yaxşı halda Mahir Emrelinin adı Yunanıstan AEK-i ilə hallanmışdı. O da hallana-hallana qaldı.

Azərbaycan millisinin dünənki heyətində xarici klubda oynadığını göstərən bircə futbolçu var idi, o da Ramil. Və fərqləndiyini də hər kəsə aydın şəkildə göstərdi.

Azərbaycan millisinin Slovakiya, Xorvatiya, Uels kimi komandalardan xal almasını gözləmək, avtobus dayanacağında təyyarə gözləmək kimi bir şeydir. Gözlə, gələcək…

Bəlkə də, xal ala biləcəyimiz yeganə rəqib Macarıstan idi, onların da “maşallah”ı var – 3 qələbə. Xorvatiyanı, Azərbaycanı və dünən də Uelsi məğlub etdilər. Nəzərə alsaq ki, Slovakiya və Macarıstanla yalnız səfər, Xorvatiya ilə ev, Uelslə isə həm səfər, həm ev oyunumuz qalıb, xal gözləməyək. Bu haqda düşünməkdənsə, diqqətimizi başqa istiqamətə verək, bəlkə nədəsə fayda tapdıq. AÇ-2020-nin final mərhələsinin oyunlarına gedərik, Bakı Olimpiya Stadionunda futbol oynayan komandalara azarkeşlik edərik, oyunlardan zövq alarıq. Əlimizdən başqa nə gəlir ki?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button