“Arsenal”ın futbolçusu rəsmən “Herta”da

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa klubunun əsas transferlərindən biri “Arsenal”ın fransız yarımmüdafiəçisi Matte Genduzidir.

Almaniya klubunun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. Fransanın gənclərdən ibarət yığmasının üzvü yeni komandasında “8” nömrəli formanı geyinəcək. “Loryan”ın yetirməsi olan Genduzi, 2018-ci ildən “Arsenal”ın uğurları üçün çalışır. O, geridə qalan mövsümdə London təmsilçisində 34 oyuna çıxıb.

“Herta”nın digər transferi Paraqvay yığmasının və İsveçrənin “Bazel” klubunun müdafiəçisi Omar Alderetedir. 23 yaşlı futbolçu daha öncə Paraqvayın “Serro Porteno”, Argentinanın “Ximnasiya La-Plata” və “Urakan” klublarının da formasını geyinib. O, 2019-cu ilin yayından “Bazel”in uğurları üçün çalışırdı. “Alderete” Bundesliqa klubunda “14” nömrəli formanı geyinəcək.

“Herta” ötən mövsüm “Auqsburq”a icarəyə verdiyi yarımmüdafiəçisi Eduard Löveni də geri qaytarıb. 23 yaşlı futbolçunun icarə müddətinin başa çatmadan geri qayıtmasını məşqçilər korpusu istəyib. Gənc futbolçu yeni mövsümdən doğma klubunun uğurları üçün çalışacaq.