“Arsenal” məşqləri bərpa etdi

İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, London təmsilçisi sosial məsafə qaydalarına riayət etmək şərtilə futbolçularını bir araya gətirib.

İngiltərə mətbuatının yazdığına görə, komandanın bu gün baş tutan məşqinə qatılanlar arasında fransalı hücumçu Aleksandr Lakazett, braziliyalı müdafiəçi David Luis və isveçrəli yarımmüdafiəçi Qranit Caka da olub. Onlar London təmsilçisinin bazasında hazırlıq keçiblər. Futbolçuların hələlik fərdi şəkildə məşq etdiyi bildirilir.

Bununla da “Arsenal” mart ayından dayandırılan İngiltərə Premyer Liqasında öz bazasında məşqlərə başlayan ilk komandaya çevrilib. Halbuki, sözügedən komandanın baş məşqçisi Mikel Artetada martın 12-də koronavirus aşkarlanmışdı. İspaniyalı mütəxəssis həmin dövrdən bəri klubun bazasına gəlməyib.

Premyer Liqada oyunlar ən azı iyunun 8-nə qədər təxirə salınıb.