“Pele, Maradona, Kroyff kimi futbolçuları görmüşəm, amma tarixin ən yaxşısı Messidir”

Argentina milli komandasının sabiq futbolçusu Umberto Maskio maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 87 yaşlı keçmiş yarımmüdafiəçi, “Barselona”nın futbolçusu Lionel Messi haqda danışıb:

“Mən Di Stefano, Pele, Maradona, Kroyff kimi futbolçuların hamısını görmüşəm, amma futbol tarixinin ən yaxşısı Messidir. Hər futbolçu öz vaxtlarında yaxşı idi, amma indi futbol daha fərqlidir. Messinin vurduğu qollara, sərgilədiyi oyuna baxın, sanki top onun ayağına yapışır. İnanılmaz sürətli futbolçular görmüşəm, amma top onlara çatanda yavaşlayırlar. Lakin bu, Messidə əksinədir. Top ona gələndə daha sürətlənir, o, hər şeyi mükəmməl edir”.