“Döymədiyim qapı qalmamışdı, məcbur oldum ki, Kanadaya gəlim” – Müsahibə

“Araz Naxçıvan” və Azərbaycan milli komandasının keçmiş üzvü, bir neçə gün əvvəl Kanadanın futzal üzrə yeniyetmələrdən ibarət milli komandasına baş məşqçi təyinən olunan Elnur Qəmbərovun Komanda.az saytına müsahibəsi:

  • Təyinatınızla bağlı təbrik edirəm. Əlaqələr necə oldu, təklif nə vaxt gəlmişdi?
  • 2016-cı ildən Kanadadayam. Bura gələndə bir mövsüm burda oynadım və az-çox tanındım. Daha sonra məşqçiliyə keçdim və “Toronto”nun futzal komandasında çalışdım. Sonra uşaqlarla işləməyə başladım. Belə-belə, haqqımda məlumat topladılar. Burada koronavirusla bağlı qapanmalar var idi, demək olar ki çölə çıxmırdıq. Ötən il zala gedəndə Kanada yığmasının üzvləri də orada məşq keçirdilər. Burada Kanada Futzal Federasiyasının prezidenti ilə təsadüfən görüşdüm. Mənə dedi ki, “yığmaya məşq keç”. Mən isə buna tam hazır olmadığımı bildirdim. İki gün sonra milliyə məşq keçdim və işimi bəyəndilər. Artıq yığmadakı işim rəsmiləşib, bircə müqavilə imzalamaq qalıb.
  • Azərbaycanlı məşqçinin ölkə xaricində milli komandada çalışması nadir görünən bir şeydir. Bəlkə də, ilkdir. Elnur bəy, Kanadada işləriniz necədir? Təyinatınızdan sonra yəqin daha uzun illər orada qalacaqsız.
  • Mən bura işçi vizası ilə gəlmişəm. Düzdür, ilk dəfədir ki, Azərbaycan vətəndaşı ölkə xaricində bir millidə çalışır. Amma bu o demək deyil ki, həmişəlik burada qalacam. Hər bir azərbaycanlı kimi mən də öz ölkəmdə yaşamaq istəyirəm.
  • Kanadada vəziyyət necədir?
  • İşlərimiz normaldır, işləyirik və darıxırıq.
  • Azərbaycanda futzal futbola nisbətən daha yaxşı vəziyyətdədir. Siz necə düşünürsüz? Azərbaycan futzalında hansı çatışmazlıqlar nəzərə çarpır?
  • Azərbaycanda yeganə peşəkar komanda “Araz Naxçıvan”dır. Digərləri tam formalaşmayıb. “Neftçi” və EKOL hər il 2-3-cü yerlər üçün oynayır. Bu komandaların çempion olmaq üçün iddiası yoxdur. Bir dəfə “Neftçi” Sadıq Sadıqovun prezidentliyi dövründə bizimlə başa-baş oynamışdı, amma nəticədə uduzmuşdular. Bir dəfə “Xəzər adaları” mənim baş məşqçi olduğum vaxtda çempion olub. Ümumilikdə, hazırda futzalda problemlər var. Akademiyalar, sponsorlar yoxdur, yeni futbolçular yetişmir. Mən oynayan vaxt olan futbolçular hələ də futzaldadırlar. Böyük məsələlər var, böyük işlər görülməlidir.
  • Uzun illər burada oynamış, “Xəzər adaları” ilə ölkə çempionu olmusuz. Elnur Qəmbərov nə üçün vətəndə deyil, Kanadada çalışır?
  • “Xəzər adaları” ilə həm aşağı liqada, həm yüksək liqada çempion oldum. Azərbaycanda belə nəticəyə imza atan olmayıb. Mən Azərbaycanda çox klub yaratmışam. Hazırda çempionatda çıxış edən EKOL-un da yaradıcısı mənəm. O vaxt zavodlararası çempionatda çıxış edirdilər. “Xəzər adaları” dağılandan sonra işsiz qaldım. Gözlədim, heç bir təklif gəlmədi. Döymədiyim qapı qalmamışdı, təklif olmadı və mən də məcbur oldum ki, Kanadaya gəlim. Açığı, yoldaşım bura dəvət etmişdi.
  • Azərbaycan milli komandasını uzun illərdir braziliyalı Joze Alesio da Silva çalışdırır. Onun bu müddət ərzində millidə gördüyü işi necə qiymətləndirirsiz?
  • Alesio mənim də məşqçim olub. İlk 2-3 ildə yaxşı nəticələr vermişdi. Həmin vaxt heyətdə olan braziliyalılarımız yaxşı idi. O dövrdə futzalda da, futbolda da yaxşı pullar var idi. 8 ildir ki, Alesionun bir nəticəsi yoxdur. Dünya və Avropa çempionatına çıxmaqla deyil, ortada bir şey yoxdur. İndi “Araz Naxçıvan”ın da nəticələri yaxşı deyil. Buna görə çox məyus oluram.
  • Yığmanın məşqçisi braziliyalı, heyətin əksəriyyəti də onun həmyerliləri. Azərbaycanda yerli futzalçı yetişmirmi? Siz uzun müddət burada, bu işin içində olmusuz. Nədir braziliyalılara olan bu sevgi?
  • Demək olar ki, braziliyalılar bütün dünya millilərində var. İspaniyada, İtaliyada və digər yığmalarda var. Hazırda əsas olan heyətdə yer alan braziliyalıların ustalıq səviyyəsidir. Millidəki braziliyalıların ustalıq səviyyələri aşağıdır. Mən də istərdim ki, heyətdə yerli futbolçular olsun. Amma bu, mənim işim deyil, rəhbərlik və məşqçinin biləcəyi işdir. Bundan başqa da, yeni futzalçı yetişmir. Mən oynadığım vaxtlarda olan oyunçular yenə oynayırlar. Yenilər gəlmir.
  • Milli komandanın Avropa çempionatındakı şanslarını necə qiymətləndirirsiz?
  • Şanslar azdır. İspaniya ilə oyunda yerlilərin oynayacağını düşünürdüm və belə də oldu. Çünki şans qalmayanda azərbaycanlılar meydana buraxılır. Necə deyərlər, bizimkiləri tankın altına verdilər. Bir dəfə bizim də başımıza belə şey gəlib. Gürcülərin ispanları udacağına inanmıram. Amma futzaldır, hər şey mümkündür. İspanların ustalıq səviyyəsi çox güclüdür. Yenə də, bir azərbaycanlı olaraq millimizin son oyunda qələbə qazanıb, qrupdan çıxmağını istərdim. Milliyə uğurlar arzu edirəm.
  • Azərbaycan yığmasından təklif gəlsə, Kanadanı qoyub, bura gələrsiz? Ya heç gəlməzsiz?
  • Əlbəttə, böyük məmnuniyyətlə. Azərbaycan Futzal Federasiyasının prezidenti ilə yaxşı əlaqələrim var. Azərbaycan futzalında olan şərait Kanadadakından daha yaxşıdır. Yenə də baxılacaq təklifə, nə olacaq, hansı şərtlər olacaq. Mənim təcrübəm var. Braziliyada, İspaniyada kurslarda olmuşam. Özümə görə savadım var. İnanıram ki, mən də milliyə gəlib, nəticə əldə edə bilərəm.
  • Kanadada qazandığınızdan daha az maaşa gələrsiz milliyə?
  • Əlbəttə, gələrəm. Sadəcə əsas olan bir layihənin olmasıdır. Mənim də fikirlərim və planlarım var. İstəyərəm ki, mənə də vaxt versinlər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button