Araz Abdullayev üçün yeni baş məşqçi

Türkiyənin “Boluspor” klubuna yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi komandanı bundan sonra Reha Kemal Erginer çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mövsümə uğursuz start verdiyi üçün bir neçə gün öncə Ahmet Taşyüreki istefaya göndərən klub rəhbərliyi onu məhz Erginer ilə əvəz etməyə qərar verib. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bolu təmsilçisi bu mövsüm istefaya göndərilmiş baş məşqçisinin rəhbərliyi altında çıxdığı 5 oyunda cəmi 1 heç-heçəyə nail olduğu halda qalan görüşlərini məğlubiyyətlə başa vurmuşdu. 6-cı turda baş məşqçisiz oynayan komanda ikinci heç-heçəsini rəsmiləşdirib.

Araz Abdullayev “Boluspor”a bu yay transfer olunub və TFF 1-ci liqa təmsilçisində cəmi bir oyuna çıxıb.