“Ansi Aqolli əsl “Qarabağ”lıdı” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.

47 yaşlı mütəxəssis bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli barədə də danışıb: “Futbol sahəmizdə elə bir insan yoxdu ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdi. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədi. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildi bizimlədi və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl “Qarabağ”lıdı”.