Azərbaycanlıların yarasına duz basan “Heno” Yazı+Fotolar

Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçını səbirsizliklə gözləyənlər az deyil. Avropanın ikinci dərəcəli klub turnirinin final matçında İngiltərənin iki klubu – “Arsenal”la “Çelsi” üz-üzə gələcək. Azərbaycanlı futbolsevərləri isə bəlkə də, bu oyundan çox, “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan maraqlandırır. Bu da təbiidir. Axı o, Azərbaycanın torpaqlarını işğal altında saxlayan düşmən ölkənin övladıdır.

Henrix Mxitaryan 21 yanvar 1989-cu ildə Ermənistanın paytaxtı Yerevanda doğulub. Atası Hamlet də futbolçu olan Mxitaryan, elə uşaq yaşlarından futbola sevgi ilə böyüyüb. Cəmi bir neçə aylıq olarkən, Ermənistanda olan qarışıqlıq səbəbiylə ailəsi Fransaya köçür və atası bu ölkənin ikinci liqasında forma geyinməyə başlayır. Hələ 4 yaşından futbola həvəsli olan Mxitaryan, o günlər haqqında danışarkən, bunları deyir:

“4 yaşım olanda, atam məşqə gedəndə, ondan məni də aparmasını xahiş edirdim. O zamanlar futbol məni maraqlandırmırdı, sadəcə atamın yanında olmaq istəyirdim. Hər dəfə məşqə gedəndə, müxtəlif bəhanələrlə məni aldadırdı. Bir müddət sonra isə artıq mən də onunla məşqlərə qatılırdım. Sonralar isə futbolçu olmaq istədim və bu, mənim əsas məqsədimə çevrildi. Bu xəyalı həyata keçirməyimdə ən böyük köməyi ailəm etdi”.

Hamlet Mxitaryan və oğlu Henrix

Futbola atası sayəsində gələn Mxitaryan, ilk addımlarını da onun köməyi ilə atır. Amma atası Hamletin xərçəng səbəbiylə tez ölümü onun başlamaqda olan karyerasına təsir edir:

“O, həyatda olsaydı, hər şey fərqli olardı. 6 yaşım olanda, ailəm mənə Ermənistana qayıdacağımızı dedi. Nə baş verdiyini başa düşə bilmirdim. Atam artıq futbol oynamırdı və vaxtını evdə keçirirdi. Hər şey bir anda baş verdi. Atam öləndən bir il sonra futbola davam etdim. O, mənim idealım idi. Onun oyunları olan kasetləri tez-tez izləyərdim. Qol vurduğu, komanda yoldaşları ilə qucaqlaşdığı epizodları görəndə xoşbəxt oluram. Özümə onun kimi qaçmalı olduğumu, onun kimi zərbə vurmalı olduğumu deyirdim. İndi onun məni gördüyünə, mənimlə qürur duyduğuna inanıram”.

Hamlet Mxitaryan

Atasının ölümündən bir müddət sonra yenidən Ermənistana qayıdan Mxitaryan, futbolçu karyerasına burda davam etməyə qərar verir və “Pünik”ə keçir.

Onun ailəsində futbolla bağlı olan təkcə atası deyildi. Ailədə baş verən ölümdən sonra anası Marina Taşcyan Ermənistanın futbol federasiyasında işləməyə (milli komandalar departamentində) başlayır:

“Anam mənim üçün həm ana, həm də ata olmaq məcburiyyətində qaldı. Bir ananın belə bir cəmiyyətdə bunu etməsi çox çətindir. Bəzən üzləşdiyim çətinliklərə görə futbolu buraxmaq istədiyimi deyəndə, “Bunu edə bilməzsən, çalışmağa davam etməlisən, hər şey daha da yaxşı olacaq” deyərək, mənə güc verirdi. Atam öldükdən sonra o, futbol federasiyasının milli komandalar departamentində çalışmağa başladı”.

Mxitaryan anası ilə bu fotosunu paylaşanda, çoxu Marinanın bu qədər gənc görünməsinə heyrətlənmişdi

Bundan başqa, Henrixin bacısı da futboldan uzaq deyil. Monika Mxitaryan UEFA-nın baş qərargahında işləyir. O, verdiyi müsahibələrin birində, “Ailədə sənin, mənim deyə bir şey yoxdur. Biz bir ailəyik və qazandığımız hər şey bizimdir” deyib.

Henrix və bacısı Monika

Futbola ilk addımlarını Fransada atan Mxitaryanın digər idealı Zinəddin Zidandır. “Real”ın və Fransa millisinin keçmiş futbolçusu, Mxitaryanın futbola olan sevgisinin əsas səbəbkarlarından olub:

“10 yaşım olanda, həyatımdakı hər şey futbol idi. Bütün fikrimi buna yönəltmişdim. Xüsusilə də, yaradıcı futbolçuları çox sevirdim. Zidan və atam Hamlet kimi oynamaq istəyirdim. Zidanın oyun tərzini və meydanda etdiyi hər şeyi bəyənirdim. O, bir sehrbaz kimi idi. Yarımmüdafiədəki oyun tərzim Zidanla bağlıdır, hücum xüsusiyyətlərim isə atamla daha çox əlaqəlidir”.

Qardaş və bacı Mxitaryanlar

Futbolla yanaşı, təhsil həyatını da davam etdirən Mxitaryan, hüquq fakültəsini bitirdikdən sonra “Pünik”dən ayrılaraq, Ukraynanın “Metallurq” klubuna keçir.

Ermənistanda qısaca olaraq “Heno” çağrılan futbolçunun Avropadakı ləqəbi “Miki”dir. O, açıqlamalarının birində bu qısa adın “Borussiya”da oynayarkən, baş məşqçi Yurgen Klopp tərəfindən verildiyini bildirmişdi.

Henrix “Metallurq”dan sonra Ukraynanın digər klubu “Şaxtyor”a keçir. Burda keçirdiyi 25 oyunda 29 qolla yadda qalan futbolçunun 2013-cü ildə “Liverpul”a transfer olunmaq ehtimalı yaranır. Həmin dövrdə “qırmızılar”ın baş məşqçisi olan Brendan Rocers, erməni futbolçunu komandasında görmək istəyirdi. Hətta, Henrixlə şifahi razılıq da əldə olunmuşdu, amma hər şeyin rəsmiləşəcəyi bir vaxtda, Yurgen Klopp məsələyə müdaxilə edir və erməni 2013-2016-cı illəri Dortmund “Borussiya”sında keçirir. 2016-cı ildə “Mançester Yunayted”ə transfer olunan futbolçu, 2018-ci ilin yanvarından “Arsenal”ın şərəfini qoruyur. O, İngiltərə Premyer Liqasında forma geyinən yeganə erməni futbolçudur.

2014-cü ildə “Yerevanın fəxri vətəndaşı” adını alan futbolçu, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazisi Dağlıq Qarabağa baş çəkərək, ordakı əsgərlərlə görüşmüş, onlara yardım etmişdi. Bu görüş ona “Qondarma Dağlıq Qarabağ Respublikası medalı”nı qazandırıb.

2015-ci ildən Ermənistan millisinin üzvü olan futbolçu, yığmanın liderlərindən sayılır.

Mxitaryan Bakıya gələcəkmi, gəlməyəcəkmi, gələcəksə, burda necə qarşılanacaq, məlum deyil. Məlum olan bir şey var ki, o da əksər ermənilər kimi öz ölkəsi, ölkəsinin insanları üçün əlindən gələni edib, edir. Onun Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi, ordakı ermənilərə yardım göstərməsi isə başqa yazının mövzusudur.

Aygül Qarayeva