Almanlara bənzəməyən alman Yazı+Fotolar

Baş məşqçilər təkcə əldə etdikləri nəticələrlə deyil, həm də xarizmaları, hərəkətləri, qeyri-adilikləri ilə sevilirlər. Hazırda “Liverpul”a ən yaxşı günlərini yaşadan Yurgen Klopp da belə məşqçilərdəndir.

1963-cü il yanvarın 26-da Almaniyada doğulan Yurgen Klopp, uşaqlıqdan “Ştutqart” azarkeşi olub. O, peşəkar futbolçu karyerası boyunca yalnız “Maynts”ın şərəfini qoruyub. Hücumçu olaraq başladığı karyerasına müdafiəçi olaraq davam edən Klopp, baş məşqçilik dövrünə də elə doğma klubu olan “Maynts”da başlayıb. 2001-ci ildə “Maynts”ın “sükanı arxasına” keçən və 7 il ərzində bu komandanı çalışdıran mütəxəssis, həm Almaniyanın ikinci liqasında, həm də Bundesliqada təcrübə qazanır. Klub onun rəhbərliyi altında tarixində ilk dəfə Bundesliqaya yüksəldi və 2005-2006-cı il mövsümündə Avropa Liqasında mübarizə apardı.

Kim deyərdi ki, bu uşaq böyüyəcək və bir gün dünyanın ən yaxşı futbol məşqçilərindən olacaq?

Almaniyada böyük şöhrətini ZDF telekanalında şərhçilik edərkən qazanan Klopp, 2008-2009-cu il mövsümündən əvvəl “Borussiya”dan (Dortmund) təklif alır. Bu təklifi qəbul etmək, həm futbolçu, həm məşqçi karyerasında böyük rol oynayan klubdan ayrılmaq onun üçün asan olmur. Komandadan ayrıldığı gün, şəhərin mərkəzində onun üçün təşkil olunmuş səhnədə “Kimsə əbədi qalmaz” adlı musiqi səsləndirilərkən, onun göz yaşlarına hakim ola bilməməsi də bunun sübutu idi. Bu həm də, soyuqqanlı xalq olaraq tanınan almanların duyğusal ola bildiklərinin də göstərisi idi.

Əvvəlki mövsümü turnir cədvəlinin 13-cü pilləsində tamamlamış “Borussiya”, Kloppla yeni uğurlara ümid edirdi. Klopp maddi problemlərlə mübarizə aparan klubda gənc və uğura ac heyət formalaşdırmağı bacarır. İlk Bundesliqa çempionluğunu 2010-2011-ci il mövsümündə yaşayan Yurgen, növbəti mövsüm də eyni uğuru təkrarlayır və “Bavariya” kimi rəqibinin olmasına baxmayaraq, çempionatda hegemonluğu ələ keçirir. Bundan başqa, Klopp 1 dəfə Almaniya kubokunu, 2 dəfə ölkə superkubokunu qazanır və 2012-2013-cü il mövsümündə “Borussiya” Çempionlar Liqasının finalına yüksəlir.

Bəlkə də, onun “Borussiya”nın baş məşqçisi kimi ən çox xatırlanacaq oyunu da məhz 2013-cü ilin mayın 25-də “Bavariya”ya 1:2 hesabı ilə məğlub olduğu Çempionlar Liqası matçı olacaq. O, Dortmund klubunda təkcə yaratdığı sistemlə deyil, meydandan kənardakı çılğınlığı, dediyi sözlər, qol sevincləri ilə də diqqət mərkəzinə düşürdü. “Borussiya”nın əzəli rəqibi olan “Şalke” azarkeşlərindən birinin Bundesliqa çempionluğu haqda sualına Kloppun cavabı belə olmuşdu: “Bir kora bir rəngi necə izah edə bilərsiz ki?!”

2013-cü ildə “Mançester Yunayted”dən və “Tottenhem”dən təklif alan alman mütəxəssis, “Borussiya”da görəcək işinin olduğunu deyərək, bu təkliflərdən imtina edir. Amma 2015-ci ildə komandanın işləri istədiyi kimi getmir. Mövsüm ərzində turnir cədvəlinin təhlükəli zonasına qədər geriləyən “sarı-qaralar”, 46 xal toplayaraq, mövsümü 7-ci pillədə bitirməli olur. Bu, Kloppun komandada son mövsümü olur. Mütəxəssis may ayında istefa verir, amma 7 illik “Borussiya” karyerası ərzində o, komanda üçün yaxşı heyət və düzgün sistem qurmuş olur.

Çalışdığı komandalarda nəticə ilə bərabər, zövq alaraq oynamağın da vacibliyini futbolçulara aşılayan Klopp haqqında danışan Marko Roys, “Onun bizdən nə istədiyini bilirik. Düzü, onun istədiyi tərzdə oynamaq çox zövqlüdür. Kloppun bizə hər zaman dediyi bir söz var: “Sabah olmayacaqmış kimi qaçın” deyir. Alman mütəxəssis özü də verdiyi açıqlamalarda “Hər günü sonuncu kimi, əylənərək keçirirəm. Sabah son ola bilər, ona görə də, bu günün zövqünü yaşayıram” deyirdi.

Klopp və anası Elizabet

Elə həmin ilin oktyabr ayında Brendan Rocerslə yollarını ayıran “Liverpul”la müqavilə imzalayır. Mersisayd təmsilçisi ilə mövsümü 8-ci pillədə tamamlayan Klopp, komandanı Avropa Liqasının finalına yüksəltməyə nail olur. “Liverpul” finalda İspaniya təmsilçisi “Sevilya”ya 1:3 hesabı ilə məğlub olur.

Kloppun atası Norbert Klopp

Kloplu “Liverpul” keçən mövsüm isə daha böyük uğur əldə edir və Çempionlar Liqasının finalına yüksəlir. Burda isə başqa bir İspaniya klubu “Real” onların qalib olmasına mane olur. Mövsümün ortasında komandadan ayrılan Filippe Koutinyonun boşluğunu transfer etmədən dolduran Kloppun, karyerasının böyük bir qismini sağ cinahda keçirən Ceyms Milneri sol sinahda oynadaraq, istədiyini əldə etməsi, işlədiyi komandalarda qurduğu sistemin nə qədər güclü olduğunu göstərir.

Klopp və keçmiş həyat yoldaşı Sabine

Özünün də dediyi kimi, meydanda taktika ilə yanaşı, sürətli, güclü, sıxıcı olmayan futbolun tərəfdarıdır Klopp: “Taktiki şeylər vacibdir, onlar olmadan qalib gələ bilməzsiz. Amma əsas fərqi duyğular yaradır”.

Klopp və xanımı Ulla

O, “Liverpul”da yaratdığı sistem, 4 il ərzində oynatdığı futbolla yanaşı, xarizması, qol sevincləri, hərəkətləri ilə də azarkeşlər tərəfindən böyük sevgi qazanıb. Komandasının vurduğu qoldan sonra texniki zona boyunca qaçması, rəqs etməsi, oyundan sonra futbolçularını qucaqlayaraq təbrik etməsi özünəməxsus fərq yaradıb. İllərdir “Liverpul”dan çempionluq gözləyən azarkeşlər, məhz Klopp vasitəsilə buna daha çox ümid edirlər.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button