Aleksis Sançes “Mançester Yunayted”dən ayrılır? – Açıqlama

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes komandadan ayrılacağı iddialarıyla bağlı danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çilili hücumçu “qırmızı şeytanlar”da qalmaq istədiyini deyib:

“Meydanda nələr edə biləcəyimi bilirəm və istedadıma inanıram. “Mançester Yunayted” təkcə İngiltərə deyil, dünya səviyyəsində bir klubdur. Bütün azarkeşlərimizi xoşbəxt etmək istəyirəm.

Daha çox qol vurmaq, titullar qazanmaq istəyirəm. Ötən mövsüm İngiltərə Federasiya kubokunun finalında məğlub olduğumuz üçün məyus olduq. “Uembli” stadionuna gələn hər kəs qırmızı idi, çox möhtəşəm atmosfer vardı. Ancaq onları sevindirə bilmədik”.

Sançes bu mövsüm 23 qarşılaşmada iştirak edərək, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. İngiltərə mətbuatı çilili futbolçunun mövsümün sonunda komandadan göndəriləcəyini iddia edir.