Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirdikləri cavab oyununu (2:3, ilk oyun 2:3) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Bu gün möhtəşəm futbol gecəsi yaşadıq. Yenə bol qollu oyun izlədik. Hətta deyərdim ki, bu, daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdi. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz də ola bilərdik”.

Gənc mütəxəssis xüsusən möhtəşəm ikinci hissə keçirdiklərini və 3 illik tarixləri ərzində belə oyun sərgiləmədiklərini söyləyib: “Heyətimizin 60 faizi dəyişib. Yeni oyunçuları hazırlığın sonlarında cəlb etdik. Yoxlama oyunlarında qol vura bilməməyimiz də buna görə idi. Gec komplektləşmə nəticəyə təsirini göstərdi. Sabit büdcəmiz var, bunun daxilində seleksiya aparırıq. Komandamızın güclənməyə ehtiyacı var. Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik. Bu, bizim üçün böyük təcrübədi. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik”.

Hacıyev “Universitatya Krayova”nı stadion və azarkeşləri ilə birgə bəyəndiyini və gələn oyunlarında bu komandaya azarkeşlik edəcəyini vurğulayıb: “Bu komanda daha artığına layiqdi. İnanırıq ki, “Universitatya Krayova” qrup mərhələsinədək irəliləyəcək”. (Report)