Aftandil Hacıyev: “Sumqayıt”a asanlıqla qalib gəlmək mümkün deyil”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Millilərin oyunlarına görə çempionatda üç həftə idi fasilə yaranmışdı. Bu fasilənin hansı komandaya müsbət, hansına mənfi təsir göstərməsi maraqlı idi. Biz bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Camal Araqo fasilə dönəmində zədələndiyi üçün oynamırdı. Yurgen Qoxa da ağrıları olduğu halda meydana çıxmışdı. Cabir Əmirli də dünən özünü pis hiss etdiyi üçün məşq etməmişdi. Amma futbolçular planlaşdırdıqlarımızı bu gün meydanda göstərə bildilər. Yaxşı oyun oldu. Ayxan Abbasov yaxşı komanda yaradıb. “Sumqayıt”a asanlıqla qalib gəlmək mümkün deyil. Lakin layiqli qələbə qazandığımızı düşünürəm. Gələcəkdə oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Xüsusilə müdafiə planında. Bu qələbəyə görə sevinməyə çox vaxtımız yoxdur. Çünki altı gün sonra “Qəbələ” ilə səfər oyunumuz var. “Qəbələ” də ötən gün sərgilədiyi oyunla göstərdi ki, avrokuboklara vəsiqə qazanmağa iddialıdır. Bu oyunu unudub, növbəti matça köklənməliyik”.