Aftandil Hacıyev möcüzəyə inanmır: “Çətin görünür”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Maraqlı oyun alındı. Daha çox taktiki baxımdan maraqlı gedişlər oldu. Rəqib keyfiyyətli oyunçulara sahibdi. Bizdə olan komplektləşmə problemi onlarda yoxdu. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdi. Bizi daha çətin səfər oyunu gözləyir.
  • Komandanın gec toplanmasının günahı kimdədi?
  • Günahkar axtarmırıq. Futbolçularımın fiziki hazırlığı istənilən səviyyədə deyildi. Rəqibi yaxşı təhlil etmişdik, ancaq onlar daha hazırlıqlı idi. “Səbail” gənc komandadı. Müəyyən büdcə var ki, nə azalır, nə də çoxalır. Futbolçularımız demirəm keyfiyyətli deyil, ancaq rəqiblə mübarizə aparmaq çətindi.
  • Mirabdulla Abbasovun formaya düşəcəyini gözləyirsiz?
  • İndiki durumda Abbasovdan bir şey gözləmirik, digər oyunçular kimi. Ancaq ona inanırıq ki, bizə fayda verəcək futbolçu olacaq. Çalışırıq ki, yerli futbolçulara daha çox güvənək. Mirabdulla ilə rəqabət aparacaq futbolçu yoxdu. Rəhbərliklə bu haqda danışacağıq, imkan olsa, tək onun mövqeyində yox, digər mövqelərdə də rəqabəti artıracağıq.
  • Oyuna müdaxilə etməkdə gecikdiyinizi düşünmürsüz?
  • Düşünmürəm. Gözləmidiyimiz anda 2-ci və 3-cü qolu buraxdıq. Ağabalanın hücumun mərkəzində oynamağını əvvəl də yoxlamışıq. Digər futbolçular da cinahlara çəkilirdi. Ancaq bu, o demək deyil ki, rəqibi üstələdik. Futbolçuların özləri də artıq dərk etməlidi ki, səfərdə bizi daha çətin oyun gözləyir.
  • Komandanın səfər oyununda geridönüş etməyini düşünürsüzmü?
  • Çətin görünür. Rəqibin keyfiyyətli futbolçuları var. Səfərdə toxunulmazlığımızı saxlamalıyıq.
  • Komandanızın rəqibdən qorxduğunu düşünmürsüz?
  • Qorxduqlarını və ya çəkindiklərini düşünmürəm. Taktikamız rəqibin hücumlarının qarşısını alıb, əks-hücuma çıxmaq idi. Bunu qorxaqlıqla bağlamıram. Əks-hücumda oynamaq qorxaqlıq deyil, kimi bacarar, kimisi də bacarmaz.
  • Bu gün buraxdığınız qolda müdafiənin uşaq səhvləri buraxdığını düşünmürsüz?
  • Bu səhv, tək futbolçuların deyil. Rəqibin ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Futbolçularımdan narazı qala bilmərəm. Bu cür mübarizə aparmağı, 2 qol vurmağı qənaətbəxş hesab etmək olmaz.
  • Rəqibin 26 il sonra avrokuboklarda qələbə qazandığını bilirsizmi?
  • Rəqibin statistik təhlilini etməmişəm. Onlar Avropada kifayət qədər təcrübəyə malik komandadı. Ancaq bu, bizi həvəsdən salmadı.
  • Səfərdə sizdən sürpriz gözləyə bilərikmi?
  • Niyə də olmasın? Sadəcə, bəzi problemlərimiz var ki, yaxşı hazırlaşa bilmədik. İstəmirəm bunu hər dəfə təkrarlayım, ancaq yaxşı oyunu təzə yığılmış heyətə aşılamaq çətindi.
  • Rəqibin Essyenə görə “Səbail” haqda yüksək fikirləri var…
  • Kənardan elə görünə bilər. Essyen bizə 2 ay yarım bundan qabaq qoşulub, ondan əvvəlsə, bir qədər futbolsuz qalıb. Çalışırıq ki, ondan maksimum istifadə edək. Nə qədər bacaracaqsa, onu o qədər meydanda saxlayacaq. Bu gün Essyenin “Səbail”də olması, bizi varlı klub kimi göstərə bilər.
  • Rəqib müdafiə xəttini rahat keçir. Klub rəhbərliyi əlavə müdafiəçi tələb edəcəkmi?
  • Müdafiəçiyə ehtiyacımız var. Bu mövqedə də rəqabət yoxdu. Rəhbərliklə danışıb, fikrimizi çatdırmışıq. Əlimizdə olan futbolçularla maksimumumuzu ortaya qoymağa çalışırıq.

Şahin Cəfərov