Aftandil Hacıyev: “Bunu faciəyə çevirmək istəmirəm”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Fərqli iki hissə izlədik. Oyuna yaxşı başlamadıq və qapımızda qollar gördük. Fasilədən əvvəl fərqi azaltdıq və ikinci yarıya müəyyən əvəzetmələrlə girdik. Düşünürəm ki, ikinci 45 dəqiqədə yaxşı oynadıq.

21 yaşlı Elmir Tağıyev bu gün ilk dəfə meydana çıxmışdı. Bu, bizi sevindirir. Zədədən qayıdan oyunçularımız var idi. İki oyundur ki, məğlub oluruq, amma bunu faciəyə çevirmək istəmirəm. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Rəqib daha yaxşı oynadığı üçün 3 xal qazandı. Ancaq ikinci hissədə komandamızın oyunundan razı qaldım. Oyunu gücləndirmək üçün futbolçumuz yox idi. İkinci hücumçunu meydana buraxmaq istəyirəm, amma kimi buraxım?”