Aftandil Hacıyev: “Bu, bizi arxayınlaşdırmır”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

  • Oyun əvvəlcədən hər iki komandanı həyəcanlandırırdı. Hər iki komandanın turnir cədvəlindəki yeri yaxşı deyil. Futbolçularda da bu, hiss olunurdu. Bundan əvvəlki oyunlar da bizə ümid verirdi. Birinci hissədə planlaşdırdığımız kimi oynaya bilmədik. Rəqib 6 legionerlə çıxış edirdi, bizim üçün asan deyildi. İlk hissəni rəqibin aktivinə yazmaq olar. İkinci hissədə isə hücumların kəsəri artdı, 3 qol vurduq. Vacib qələbə qazandıq. Futbolçuları təbrik edirəm.
  • 11 turda qələbə qazanmayan komanda necə oldu ki, iki oyun ardıcıl qələbə qazandı. Nə dəyişib?
  • İlk dövrədə də pis oynadığımızı deməzdim. Bəzi şanssızlıqlar olur. 11 oyunda qələbə qazanmamağa fikir vermirəm. Vacib olan bu qələbədi. 11 oyunda da xal qazanmışdıq. Bu da bu gün bizə imkan verir ki, gələcəyə ümidlə baxaq. Geriyə baxmırıq, bizi maraqlandıran indiki heyətimizdi. Qış toplanışında da çalışdıq ki, futbolçular özlərini yaxşı göstərsinlər. Bu qələbə bizi arxayınlaşdırmır.
  • İki cinah futbolçusu qol vurdu, onları əvəzlədiz, amma Rauf Əliyev axsayaraq gəzirdi.
  • Heyətlə bağlı problemimiz var, Peyman Keşavarz zədəlidi. Raufun zədəsi ciddi deyildi. Ruslan Hacıyev də yaxşı iş gördü. Ruslanda keçmiş zədələr var ki, ehtiyatlı davranmalıyıq. Çalışırıq ki, digər futbolçuları da formaya salaq. Bahadur Həziyev də bu gün debüt oyununu keçirdi. Yeni futbolçumuz Lema Mabidi də oyun praktikasından əziyyət çəkir. Oyunlarda təkcə start heyətini düşünmürük. Növbəti oyunlarda bu futbolçulara ehtiyacımız olacaq.
  • Lemanın oyununu necə dəyərləndirirsiz?
  • 6 ay oynamayıb, oyun təcrübəsinin olmamasından əziyyət çəkir. Yaxşı oyun göstərdi, amma praktika çatışmazlığı hiss olunurdu. Onun formaya düşməsi üçün çalışacağıq, özü də çalışqan, istəkli futbolçudu.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button