AFFA “Xəzər Lənkəran”ı niyə sevmir?

Hüseyn Cəbrayıloğlu

Son qış fasiləsində “Xəzər Lənkəran”ın akademiyasından 3 futbolçu digər klublara transfer olunub. Onlardan biri “Keşlə”, digər ikisi “Tufan” klubunun dəvətini qəbul edib. Heç cənub klubu bu transferlərə görə ciddi bir şərt, maddi tələb filan da qoymayıb. Klublar bəyənib, xahiş edib və bu 3 futbolçu onların xidmətinə göndərilib.

Heç kimə sirr deyil, mən də açıq sözlü biri kimi sirr qalanlara deyim ki, “Xəzər Lənkəran” akademiyası əsas komanda fəaliyyətini dayandırandan sonra əvvəlki gücünün 10/1 nisbəti ilə fəaliyyət göstərir. Yəni 17 yaşdan sonra uşaqların digər böyük yaş qrupuna keçidi mümkün olmadığından, 5-6 rayondan avtobuslarla məşqlərə əvvəlki kimi cəlb edilmədiyindən və özəlliklə, əsas komandanın bölgəyə gətirdiyi ruh qalmadığından, futbola axın demək olar yoxdur. Heç cənub regionunda digər şəhərlərdə uşaq futbolu var deyə düşünməyə belə dəyməz. Di gəl ki, tərslikdən qış fasiləsində AFFA nın “lyubimçik” cib klubları “Səbail”dən, “Keşlə”dən yox, 3 futbolçu “Xəzər Lənkəran” dan çıxıb. Yəni diqqət çəkib, bəyənilib. Ümumilkdə son 3 ildə, yəni “Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırandan sonra, yəni yuxarıda dediyim 10/1 nisbəti ilə akademiyası çalışandan bəri 25-dən çox futbolçu müxtəlif Premyer Liqa klublarının akademiyasına transfer olunub. Altını çizərək deyim ki, “Xəzər Lənkəran” nə edib?“ deyə efirdən səslənən “çoxbilmişlər” bilsin ki, onların 10-a yaxını milli komanda üzvləridi və 5-i şəninə mahnı qoşub oxuduğunuz, tərif dediyiniz “Qarabağ” klubunun ikinci komandasının üzvləridir. Bu da son deyil. Həmin 5-nəfərdən 4-ü son turda əsas heyətdə meydana çıxıb.

Yəni ki, əzizlərim “Xəzər Lənkəran” AFFA nın acığına dirənir, bütün sayğısızlıq, diqqətsizlik və maneələrə rəğmən futbolçu yetişdirir. Klubun stadionundan və bazasından fit səsi, top səsi, AFFA-nın zibil günə qoyduğu ölkə futbolunun gələcəyindən xəbərsiz uşaq və yeniyetmə səsləri gəlir.

Sayğısızlıq və diqqətsizlik. İftiradır? Əsla! Bu son 3 ildə həmin boz binadan bir kişi soruşmayıb ki, nəyiniz çatmır? Amma tərslikdən ölkə futbolunda ən yaxşı dəsti “Xəzər Lənkəran” geyinir. Bircə topları köhnədir. O toplar ki, Elxan Məmmədovun “şah layihəsi” “Top festivalı” da “Kamaz”la gətirib rayonlarda çilədib pul silirdilər. Ötən il AFFA nümayəndələri mövsüm başlamamış bölgənin uşaq yarışları üçün Lənkəranda məkanlara baxıb və son rəy belə olub ki, ən uyğun “Xəzər Lənkəran” stadionudur. Niyə də olmasın? Burada DÇ-nin seçmə oyunu keçirilib e.. Amma di gəl ki, sonradan yarışlar Lənkəran UGİM həyətinə salındı. Bir valideynin həmin meydandan göndərdiyi su polosu futbol videosu “Komanda.az”da yayımlanandan sonra yarışı Lənkəran Olimpiya Kompleksinin asflat üzərində salınan 1,7 sm-ik qalınlıqda olan süni örtüyünə saldılar. Bu arada, adıçəkilən kompleksin “bazar qiymətləri” ayrı mövzudur və bu barədə qismət olsa, ayrı bir yazı diqqətinizə çatdırılacaq.

Gördüyünüz kimi, futbol yarışları palçıqda, asfaltda olsun, amma “Xəzər Lənkəran” stadionunda olmasın. Niyə? Bəs vaxt vardı burada DÇ-nin seçmə oyunu, qızlar arasında DÇ-nin qrup oyunları keçirilirdi axı… Çünki, yarışların keçirilməsi üçün həmin məkanın hesabına pul köçürülür və niyə “Xəzər Lənkəran” həmin pulla bazasının 10 problemindən ikisini həll etsin ki? Niyə “Xəzər Lənkəran” “ Bakı”nın bazası kimi saralmasın, solmasın, dağılmasın? Niyə “Bakı”nın bazası kimi “Xəzər Lənkəran”ın da geniş bazası AFFA-nın olmasın? AFFA bunun üçün hər şeyi, hər fitnəni, namərdliyi edir. Amma “Xəzər Lənkəran” dirənir, müqavimət göstərir. İnşallah, sona qədər də dirənəcək. İndi bildiz AFFA “Xəzər Lənkəran”ı niyə sevmir?