Susun, azərbaycanlı məşqçilər, susun!

Rəşad Ergün

AFFA rəhbərliyinin milli komandanın baş məşqçi postuna 32 namizədi arasında bircə nəfər də yerli mütəxəssisin olmaması o deməkdir ki, ana dilində danışmağı hələ də tam öyrənməyən Elxan Məmmədov, Elşad Nəsirov kimilər bu ölkənin insanlarını adam yerinə qoymur.

Xub, yerli məşqçilər arasında istedadlısı, öz üzərində çalışanı azdır. Amma axı bizim milli komanda da İspaniya, Almaniya, hətta heç Belarus millisi deyil. Yerli məşqçilər nə gündədirsə, milli komanda onlardan da betər gündədir. AFFA-nın bu günə kimi milliyə gətirdiyi Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi əcnəbilər nə qələt ediblər? Foqts 6 il azərbaycanlılarla məzələndi, Xorvatiyada 0:6 hesablı məğlubiyyətdən sonra heç Bakıya da gəlmədi, ordan qaçdı. Prosineçki San Marino ilə iki oyuna 6 xal qazandı, Elxan Məmmədovun çevrəsi ondan süni qəhrəman düzəltdi. Yurçeviç də bəllidir, son seçmə mərhələ və cəmi 1 xal. Yəni mövzu Azərbaycan milli komandasıdırsa, bu komandanın başında kimin dayanmasının heç bir əhəmiyyəti yoxdur. Mən əminəm ki, bu sətirləri oxuyan istənilən şəxs Azərbaycan millisi ilə son seçmə mərhələdə ölüm-zülüm 1 xal qazana bilərdi, onun üçün heç məşqçi olmağa, hətta ali savada, diploma da ehtiyac yoxdur. Məsələ Elxan Məmmədovun və Elşad Nəsirov kimi “rus kafalı” adamların bu ölkənin insanlarına hörmət etməməsidir.

Azərbaycanlı məşqçilər isə susacaq. Cəsarətləri yoxdur etiraz etməyə. Zatən bu adamların bir az cəsarəti olsaydı, son saxta seçkilərə görə ölkə çalxalananda birinin səsi çıxardı. Yaşayanda da insan kimi, kişi kimi yaşamaq lazımdır.