Vaqif Sadıqov Nazim Süleymanovla görüşə hazırdır – “Onu heç vaxt özümüzdən ayırmıram”

AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

  • Vaqif bəy, vitse-prezident seçildikdən sonra Məşqçilər Komitəsinin sədri olaraq da qalacaqsız?
  • Bəli, işləyirik. Mənim işim budur da. Hər kəs cavabdeh olduğu bütün sahələrə baxır. Biz əvvəl də klublarla, məşqçilərlə görüşürdük, indi də görüşəcəyik. Məşqçilər Komitəsinin sədri olaraq da işimi davam etdirirəm.
  • İki işin eyni anda icrası sizin üçün çətinlik yaratmayacaq?
  • Nə bilim… Nə zamansa hardasa çətinlik görsək, hiss etsək, onda istər-istəməz kimisə məsləhət görərik. Vacibi odur ki, işimizi düzgün yerinə yetirək. Cavabdeh olduğumuz işləri böləndə, mənə düşən məşqçilər və klublarla işdir. Bunu da edəcəm.
  • İlkin planlarınız nədir?
  • Hazırda tez zamanda hansısa plandan danışmaq olmaz. İlk növbədə hamını birləşdirib, birlikdə problemləri üzə çıxarmalıyıq. Birlik olan yerdə çıxış yolu da tapa bilərik. Başa düşürəm ki, indi asan dövr deyil, problemlər çoxdur. O problemləri həll etmək üçün hamının niyyəti eyni olmalıdır. Birlikdə həll yolu tapmalıyıq. Mən hər zaman deyirəm ki, parçalanma varsa, nəyəsə nail ola bilmərik. Hamımız bir olub, çıxış yolunu tapmalıyıq.
  • Birlik nə üçün yoxdur? Nazim Süleymanovun sizin parçalanma sözünüzə cavabı belə olmuşdu: “Nə vaxt birlik olub?”
  • Olmayıbsa, gərək edək ki, olsun da. Mən harda oluram olum, niyyətim bir olub, o da birləşmək. Bir yerdə olub, problemləri danışıb həll etməliyik. Nazim Süleymanov bizimkilərdən biridir. Hər zaman demişəm, onu kimdənsə ayırmıram. O, hər zaman, futbolçu kimi də, məşqçi kimi də Azərbaycan futboluna xidmət edib. Onu heç vaxt özümüzdən ayırmıram.
  • Nazim Süleymanovla görüşməyi planlaşdırırsızmı?
  • Mən heç vaxt heç kimdən qaçmıram. Ola bilər ki, bir-iki həftə burda olmayım, yığmaların toplanışına gedəcəyik. Ancaq gələndən sonra hər kəslə görüşəcəm. Klublarla da, məşqçilərlə də. Plan cızacağıq və o plan üzrə hərəkət edəcəyik. Planın tək məqsədi, bir olub, problemləri həll etmək olacaq.
  • Azərbaycan millisinin baş məşqçi postuna yerli namizədlərdən kimlər var?
  • Namizədlərin sayı haqda sizə deyilib, 30-dan yuxarıdır. Bizə də bildirilib ki, hələ heç kimlə danışıqlar aparılmır. Yaxın zamanda namizədlərin az sayda siyahısını bizə verəcəklər. Müzakirələr aparıb, fikir bildirəcəyik. Müzakirələr bitdikdən sonra nəsə deyə bilərik. Bizim istedadlı məşqilərimiz var, indi də yetişir. Mən də onlara dəstək olmağa hazıram.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button