“Biz futbol da oynaya bilirik, milliyə rəhbərlik edə biləcək məşqçilərimiz də var” – Müsahibə

AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

  • Vaqif bəy, iyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazə verilə bilər. Premyer Liqanın bərpa olunması məsələsi nə yerdədir?
  • Müzakirələr olunur. Təkliflər var, müzakirələr də gedir ki, Premyer Liqa bərpa olunub, başa çatdırılsın.
  • Azərbaycan milli komandasının baş məşqçi postu boşdur və koronavirus pandemiyasına görə məşqçilərlə danışıqlara fasilə verildiyi bildirilib.
  • Yaranmış vəziyyəti başa düşürük. İstər-istəməz, koronavirusun bütün sahələrə olduğu kimi, futbola da təsiri ola bilər. Bundan sonra hansı addımlar atılacağı gələcəkdə müzakirə olunacaq mövzudur. Əsas olan, bizim çıxış yolunu tapmağımızdır. İstər yığma komandayla, istərsə də Premyer Liqadakı vəziyyətlə bağlı əsas olan, çıxış yolunu tapıb, işimizə davam etməkdir.
  • Belə bir məlumat var ki, AFFA koronavirusun yaratdığı maliyyə sıxıntılarına görə xarici deyil, yerli məşqçi ilə müqavilə imzalayacaq.
  • Vallah, mən sizdən eşidirəm bunu. Mən təkcə indiki vəziyyətdə yox, əvvəl də bildirmişəm ki, Azərbaycan futboluna yerli məşqçilər də xeyir verə bilər. Bunu o vaxt da bildirmişdim, ancaq indi müzakirələr yoxdur. Hesab edirəm ki, yaranmış vəziyyət imkan verəcək ki, ayrı-ayrı məsələləri müzakirə edək. Lakin sırf indiki vəziyyətə görə məşqçi seçiminin xarici deyil, yerli olacağı fikirləri düzgün deyil.
  • Bəs siz milli komandanın “sükanı arxasında” kimi görmək istəyərdiz?
  • Bilirsiz, yenə deyirəm, hesab edirəm ki, bu gün Azərbaycanda xeyli yaxşı məşqçilər var ki, yığmaya rəhbərlik edə bilər. Bunu hər zaman demişəm. Sırf hansısa adın üzərində müzakirələr aparılmayacaq. Bir neçə namizəd olmalı və onların arasından ən yaxşısı seçilməlidir. Burda xarici məşqçilər də ola bilər, yerlilər də. Ən vacib məqam odur ki, ən yaxşısı, layiqlisi yığmaya rəhbərlik etsin. Milli komanda üçün xeyir verən və əlindən gələni edən biri olmalıdır.
  • Başa düşdüm, ancaq sizin şəxsi fikrinizi bilmək istəyirdim.
  • Birdən-birə kiminsə adını deyə bilmərəm. Gərək bir neçə namizəd olsun və onlar arasında seçim olsun. Kimsə fikirləşirsə ki, bizim yaxşı futbolçularımız, məşqçilərimiz yoxdur, bu, səhv fikirdir. Biz futbol da oynaya bilirik, milliyə rəhbərlik edə biləcək məşqçilərimiz də var.
  • Koronavirusa görə 1-ci divizion klublarına ayrılan büdcənin azaldılacağı deyilir. Bununla bağlı nə deyə bilərsiz, belə bir qərar gözlənilirmi?
  • Elə suallar verirsiz ki, bunlara cavab vermək olmur. Çünki bununla bağlı heç bir müzakirə olmayıb. Ancaq inanmıram ki, büdcədə nəsə azalma olsun. Çünki ayrılan büdcə elə nəzərdə tutulur ki, klublar onunla ili başa vura bilsin. Mən belə fikirləşirəm. Yenə deyirəm, bu, mənim subyektiv fikrimdir. Qəti nəsə deməkdə çətinlik çəkirəm. İstəməzdim ki, virusun nə Premyer Liqa, nə divizion klublarına, nə də futbolçulara hansısa təsiri olsun. Görüləsi işlərimiz çoxdur.
  • Yeni mövsümdə Premyer Liqada 10 komandanın olacağı və “Kəpəz”lə “Turan Tovuz”un elitaya qayıdacağı bildirilirdi. Koronavirusa görə bu plan təxirə düşə bilərmi?
  • Qərar qəbul olunub ki, yeni mövsümdə Premyer Liqada 10 komanda olsun və bunlar da bölgələri təmsil etsin. Ancaq bu “Kəpəz”mi, “Turan Tovuz”mu və ya başqasımı olacaq, hələ dəqiq deyil. Amma əsas olan, yeni mövsümdə gələcək iki komandanın əyaləti təmsil etməsidir. Bundan sonra hansı addımların atılacağı, hansı gedişlərin olacağı bilinmir. Hazırda milli komanda və digər məsələlərlə bağlı müzakirələr yoxdur. Suallara qəti cavab vermək olmur.

Şahin Cəfərov