AFFA-nın 4032 yalanı

AFFA-nın rəsmi saytında bir məlumat diqqətimi çəkdi. Məlumatda bunlar yazılmışdı:

“Koronavirus pandemiyası ilə əlaqədar iki ilə yaxındır keçirilməyən uşaq liqalarının təşkili yenidən bərpa olunub. Ötən həftə 4032 futbolçu AFFA-nın təşkil etdiyi müxtəlif yaş qrupu üzrə yarışlarda meydana çıxıb. Belə ki, AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, U-13, U-14,  U-15, U-16, U-17 və Gənclər liqalarında ötən həftə ümumilikdə 144 oyun keçirilib”.

4032 futbolçu! Çox maraqlıdır, bu uşaqlar, yeniyetmələr doğrudan da futbolla məşğuldurlarsa, onda niyə Azərbaycanın bütün yaş qrupları üzrə milli komandaları iştirak etdikləri turnirlərin hamısından başıaşağı, üzüqara, rüsvayçı nəticələrlə ayrılır? Bir həftə ərzində 4032 azərbaycanlı uşaq- futbolçu 144 oyunda meydana çıxırsa, onda xorvatiyalı Filip Ozobiçin, iranlı Əli Qurbaninin, Höccət Haqverdinin Azərbaycan millisində nə işi var? Mən hələ aşağı yaş qrupları üzrə milli komandaları demirəm. Hansı ki, Azərbaycanın həmin o milli komandalarında Türkiyədən, Gürcüstandan, Ukraynadan, Rusiyadan və başqa-başqa ölkələrdən olan futbolçular forma geyinir.

Deyə bilərsiz ki, bəlkə, bu uşaqların arasında lap azyaşlıları (böyük yaşda olanlar onsuz da milli komandalara dəvət alır) böyüyüb doğrudan da əsl futbolçu olacaqlar, milli komandalarımızın biabırçı nəticələrinə son qoyacaqlar. Deyə bilərsiz, deyin də… Amma buna doğrudan da, inanırsızmı? AFFA rəhbərliyinin həqiqətən uşaq futbolunun inkişafına çalışdığına, gözə kül üfürmədiyinə inanırsızsa, onda oturub gözləyək. Görək, bu 4032 uşağın, yeniyetmənin arasından normal səviyyədə neçə futbolçu çıxacaq.

Kürşad