AFFA-nın 1 milyon dollarlıq məsuliyyətsizliyi

Azərbaycan milli komandası dünən Bakıda, AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turunun oyununda Uels yığmasına 0:2 hesabı ilə məğlub oldu.

Komanda.az xəbər verir ki, dünən həmçinin İspaniyanın 2-ci liqasında keçirilən oyunda millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu “Albasete” “Saraqosa”nı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi isə məhz İsrafilov olub.

Uelslə oyuna çağırılmayan İsrafilovun milliyə gəlməməsi texniki problemlə əlaqələndirilirdi. Belə iddia olunurdu ki, AFFA-nın göndərdiyi dəvət məktubu İspaniya təmsilçisinə vaxtında çatmayıb. Halbuki, “Albasete” rəsmiləri Eddinin millidən kənar qalmasını AFFA-yla razılaşdırdıqlarını etiraf ediblər.

Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon dollar alan Eddi bəlkə, dünən Uelslə matçda olsaydı, hesab bizim üçün fərqli olardı. Ya da… olmazdı. İstənilən halda, İsrafilovun dünən Azərbaycan millisinin yox, klubu “Albasete”nin formasında meydana çıxması AFFA-nın məsuliyyətsizliyidir.