AFFA müraciət ünvanladı, erməni futbolçuya xəbərdarlıq edildi

Slovakiya Super Liqasının 9-cu turu çərçivəsində oktyabrın 3-də keçirilmiş “Jilina” – “Streda” matçında meydan sahibi komandanın futbolçusu Vahan Biçakçyan qol sevinci zamanı oyun geyiminin altındakı köynəyin üzərində Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirmişdi.

Komanda.az xəbər verir ki, məsələ ilə bağlı AFFA tərəfindən Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanmış, mövcud qaydalara əsasən futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilmişdi. Bu gün Slovakiya Futbol Assosiasiyası tərəfindən AFFA-nın müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol Assosiasiyasının İntizam Komitəsi tərəfindən baxılıb və futbolçu Vahan Biçakçyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək, xəbərdarlıq elan olunub.

Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmiş, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.