“Qəbələ”nin futbolçusunun cəzası açıqlandı – “Sumqayıt” 1200 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 3-cü turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar verilib:

“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Səbail” matçında oyunöncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. Hər iki tərəfin 4 futbolçusu sarı ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunur.

“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.