AFFA ilə şirkət arasında qalmaqal: Dava Kamran davasıdır

AFFA “Ağ şəhər”də tikilməkdə olan “Hünər qüllələri” adlanan yaşayış kompleksinin məxsus olduğu “Huner Group” şirkətini məhkəməyə vermək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu yaxınlarda sosial şəbəkələrdə yaşayış kompleksində olan futbol meydançasından çəkilən bir videoçarx paylaşılıb. Orda millimizin və “Keşlə“nin qapıçısı Kamran Ağayev də yer alıb. Bu isə ciddi narazılığa səbəb olub. AFFA reklamı çəkən şirkəti məhkəməyə verməklə hədələyib.

Məsələ ilə bağlı “Huner Group”un mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında, federasiyanın onları məhkəməyə vermək istədiklərini təsdiq edib:

“Bu məsələyə görə bizə AFFA-dan zəng eləmişdilər. Biz konkret olaraq Kamran Ağayevlə reklam xarakterli videoçarx çəkmişik. Zəng edən – AFFA-nın hüquq məsələləri üzrə əməkdaşı bildirdi ki, Kamran Ağayevin əynindəki formaya görə, reklam paylaşılan hər yerdən silinməlidir. Biz də qeyd etdik ki, bu forma bazarda satılır, almışıq və hər kəs də bundan istifadə edə bilər. Biz AFFA-nın loqosundan məqsədli şəkildə istifadə etməmişik. Federasiyanı reklam və ya antireklam da etməmişik. Hüquqşünas xanım bildirdi ki, AFFA-nın tərəfdaşı olmayan şirkətlər loqodan istifadə edə bilməzlər. Hansısa futbolçunu reklama çəkmək üçün onlardan icazə almalıyıq. Biz də qeyd etdik ki, bir çox futbolçulara müraciət etdik. Onlar bu məsələyə görə AFFA-dan icazə almalı olduğumuzu dedilər. Lakin Kamran Ağayevlə əlaqə quranda bizə belə bir məsələ haqda məlumat vermədi. Artıq bu, onunla federasiya arasında olan bir problemdir. Xanım bizə bir daha xatırlatdı ki, videoçarxı silməyəcəkləri təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Biz də qanunsuz heç bir iş görmədiyimizi, istənilən dairəyə müraciət edə biləcəklərini xatırlatdıq. Onların məhkəməyə müraciət edib-etmədikləri haqda bizə məlumat verilməyib”. (cebhe.info)

Paşayev problemin sırf reklamdan qaynaqlanmadığını vurğulayıb:

“Mən belə düşünürəm ki, onlar Qurban Qurbanov məsələsini ortaya salıblar. Mən sizin vasitənizlə xahiş edirəm ki, bizi belə problemlərə aid eləməsinlər. Biz sadəcə, bazardan forma almışıq, Kamran Ağayevə geyindirmişik və video çəkmişik. Qurban Qurbanovla, Kamran Ağayevlə bağlı məsələlərini, planlarını bizim üstümüzdən həll etməyə çalışmasınlar. Qanunsuzluq etmişiksə, istənilən zaman hüquq-mühafizə orqanları qarşısında cavab verməyə hazırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button