AFFA-da fikir ayrılığı: Prosineçki, yoxsa Tərlan Əhmədov?

Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində uğursuz çıxış etməsi baş məşqçi Nikola Yurçeviçin postunda qalıb-qalmayacağı məsələsini gündəmə gətirib. Seçmə mərhələni cəmi 1 xalla başa vuran milli komandanın uğursuzluğunda xorvatiyalı mütəxəssin də rolu az deyil. Onun Azərbaycan milli komandası ilə müqaviləsinin müddəti bir illik idi, amma anlaşmada sözləşməni daha iki illiyə uzatmaq bəndi də var.

Ancaq Komanda.az-ın AFFA-ya yaxın mənbədən əldə etdiyi məlumata görə, milli komandanın Slovakiyada 0:2 hesabı ilə uduzmasından sonra, dünən Yurçeviçin baş məşqçi postundakı taleyi müzakirə olunub. Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı da fikirlər öyrənilib. Bizdə olan məlumata görə, AFFA İcraiyyə Komitəsi və AFFA Məşqçilər Komitəsinin üzvləri əsasən iki mütəxəssis üzərində dayanıblar. Bunlardan biri Azərbaycan millisinin keçmiş çalışdırıcısı Robert Prosineçki, digəri isə “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovdur.

Prosineçki vaxtı ilə Azərbaycan milli komandası ilə üç illik müqavilə bağlamışdı və burdakı illik qazancı 1 milyon 200 min avro idi (köməkçiləri ilə birgə). O, Azərbaycan yığmasında 2014-cü ildən 2017-ci ilədək işləyəndən sonra Bosniya və Herseqovina millisinin “sükanı arxasına” keçdi. Amma bosniyalılar son seçmə mərhələni 13 xalla 4-cü sırada başa vurduğundan, orda Prosineçkinin işindən narazıdırlar. Və mümkündür ki, AFFA-dan ediləcək təklif xorvat mütəxəssisin yolunu yenə Azərbaycana salsın.

Tərlan Əhmədovun namizədliyini isə daha çox AFFA Məşqçilər Komitəsinin üzvləri dəstəkləyir. Əhmədovun rəhbərlik etdiyi “Keşlə” Azərbaycan Premyer Liqasının cari mövsümündə uğurlu çıxış edir və hazırda 19 xalla 2-ci sırada qərarlaşıb. Komandasının uğurlu çıxış etməsindən başqa, müzakirələr zamanı Əhmədovun tətbiq etdiyi oyun sisteminin Azərbaycan millisinə uyğun gəldiyi söylənilib.

Bu iki mütəxəssisdən başqa, AFFA-nın Türkiyədə də Azərbaycan millisində işləməyə razı olacaq məşqçilərlə danışıq aparacağı ehtimal olunur.