“Mən AFFA İcraiyyə Komitəsində oturanlara desəm ki, “sizin futboldan başınız çıxmır, oturun yerinizdə, dilinizi də qarnınıza soxun”, orda oturan kişilərin bundan xoşu gələr?”

AFFA bir müddət əvvəl “Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidovu hakimi təhqir etdiyi və ona təzyiq göstərərək, ayaqla zərbə endirdiyi üçün 20 oyunluq cəzalandırıb.

Bununla bağlı “Xəzər Lənkəran” klubunun keçmiş mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə danışdıq. O, əvvəlcə Ağadadaş Həmidova verilən cəza haqda danışdı:

“Qarabağ”la matçda epizodların birində Ağadadaş müəllim laysmana irad bildirib. Laysman isə baş məşqçinin yetirmələrinin yanında ona cavab qaytarıb ki, “Sən nə bilirsən futbol nədir?” Hə, indi bundan sonra Ağadadaş müəllim o laysmanın başını torpağa gömməyibsə, demək səbrli adamdır.

“Xəzər Lənkəran” klubu 2004-cü ildə yaranıb və bu günə kimi bizim aşağı yaş qruplarından hansısa məşqçi söyüş və ya intizamsızlığa görə cəzalanmayıb. Nəzərə alın ki, akademiyada vaxtilə 25 məşqçi çalışıb. Ağadadaş Həmidov isə bunların arasında ən yaşlı və təcrübəlisi olub. Məsələ başqa cür olub və təəssüf ki, AFFA çempionatı elə qurub ki, burda haqlını üzə çıxarmaq mümkün deyil”.

Cəbrayıloğlu, etiraz etmək üçün əllərində sübutlarının olmadığını və U-17 komandasının fəaliyyətini dayandıracaqlarını deyir:

“Yəqin ki, U-17 komandası fəaliyyətini dayandıracaq. Sübut etmək üçün heç bir dəlilimiz yoxdur ki, laysman baş məşqçini təhqir edib. Əvvəl bütün oyunlarda AFFA tərəfindən nümayəndə olardı, indi isə uzun illərdir bu ləğv olunub ki, AFFA-nın pulu yoxdur. Belədə hakimlər briqadası nə istəsə, protokola yaza bilər. Təsəvvür edirsiz bu nə deməkdir? Hakim özü öz idarəçiliyinə və oyunətrafı olaylara qiymət verir. Hakimlər niyə belə aqressivlik edir, bunun da səbəbi var.

Hakimlər briqadası qonşu Cəlilabad rayonundandır. Bu briqada tez-tez Region Liqasında və digər oyunlarda təyinat alır. Bunların ağlı ilə nə qədər ev komandasına cərimlər yazsalar, AFFA bunlara “afərin, yerli komandaya rəğbət göstərmirlər” prinsipi ilə daha çox təyinat verəcək. Biz üç ildir hay-küy salırıq, etiraz edirik. Mən özüm o vaxt Xaqani Məmmədova qədər çıxdım ki, bu briqada haqqında tədbir görün, amma xeyri olmadı.

Komandanı səfərə kiminlə göndərək? 20 oyun cəza almış məşqçi ilə? Ümumiyyətlə, U-17-ni klub özü saxlamışdı ki, bu yaşa qədər olan uşaqlar kənarda qalmasın. Nə qədər futbolçunu Premyer Liqa klublarına pulsuz vermişik. Adlarını Ağadadaş müəllimdən ala bilərsiz. Onlarla futbolçu təkcə son üç ildə verilib. Amma istəmirlər, inanın, Lənkəranda futbol olmasını istəmirlər.

Buna görə də, cəhd etmək, pul xərcləmək mənə görə lazımsız addımdır. Tam olaraq qərar verilməyib, amma yüz faiz gələn il U-17 olmayacaq. AFFA bir əldəqayırma hakim briqadası ilə bacarmır. Bundan sonra hansı ədalət prinsipini qoruyacaq? Son dörd ildə bir dəfə AFFA-da bir başıpapaqlı çıxıb soruşmayıb ki, akademiyanızın hansı problemi var, nə çatmır, nəyiniz yoxdur? Belə o qədər fakt saymaq olar ki…

Hakimlərin bizi hər oyun sıxdığını demək olmaz. Təsəvvür edin, son oyunda komandamız 1:6 hesabı ilə məğlub olub. Buna hakim neynəsin? Amma tərbiyəsizdirlər, təxribata çəkirlər. Mən AFFA İcraiyyə Komitəsində oturanlara desəm ki, “sizin futboldan başınız çıxmır, oturun yerinizdə, dilinizi də qarnınıza soxun”, orda oturan kişilərin bundan xoşu gələr?”

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button