AÇ: Azərbaycan komandası növbəti mərhələdə

Azərbaycanın daha 4 karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, yarışın 2-ci günündə kişilərdən 60 kq-da Əminağa Quliyev və 67 kq-da Tural Ağalarzadə, qadınlardan isə 50 kq-da İnci Əzizova və 55 kq-da Mədinə Sadiqova tatamiyə çıxıblar.

Onlardan yalnız sonuncu medal qazanmaq şansını saxlayıb. Sadiqova mayın 28-də bürünc medal görüşünə çıxacaq.

Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadıqova və İrina Zaretskadan ibarət kumite komandası da ilk görüşünü keçirib. Serbiyaya 2:1 hesabı ilə qalib gələn kollektiv növbəti mərhələdə Xorvatiya ilə üz-üzə gələcək.

İlk mərhələdən azad olan kişi karateçilər – Rafael Ağayev, Asiman Qurbanlı, Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət komanda isə 1/8 finalda Kosovonu sınağa çəkəcək.

Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.