Xorvatların Azərbaycanla oyunda zəif çıxışının səbəbi virus olub? AÇIQLAMA

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qollu bərabərə qalan (1:1) Xorvatiya yığmasının futbolçuları Bakıda ciddi problemlə üzləşiblər.

Komanda.az “slobodnadalmacija.hr” saytına istinadən xəbər verir ki, Xorvatiya yığmasının 8 futbolçusu Azərbaycanla oyundan əvvəl virusa yoluxub. Bu barədə milli komandanın həkimi Zoran Bahtiyareviç məlumat verib. O, 8 futbolçuda virus olduğunu, komandanın zəif çıxışının da bununla əlaqəli olduğunu deyib:

“8 oyunçumuzda virus var idi. Onlardan 7-si də meydana start heyətdə çıxdı. Milli komandanın baş məşqçisi Zlatko Daliçin bundan xəbərdar olduğu halda, heç bir şeydən söz açmaması onun necə təvazökar insan olmasını göstərir. Futbolçularda olan bu virus onlara ciddi təsir edir və güclərini azaldır. Onlara mümkün olduğu qədər kömək etmək istədik. Hətta qarşılaşmadan öncə hakimə dedim ki, bizim oyunçular matçın gedişində ayaqyoluna gedə bilərlər. Əvvəlcədən dedim ki, hakim təəccüblənməsin və belə hal olarsa, oyunçuları cəzalandırmasın.

Virusun mənbəyini araşdırmadıq. Birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Bizim öz aşpazımız var idi və yüksək səviyyəli oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə oyuna çox az vaxt var idi və araşdırmaq üçün gec idi”.