AÇ-2020: Daha bir ölkədə stadionlara azarkeşlərin buraxılacağı açıqlandı

AÇ-2020-nin Rumıniyanın paytaxtı Buxarestdəki oyunları azarkeşlərlə keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Rumıniyanın idman naziri Eduard Novak yerli mətbuata açıqlamasında deyib. O, AÇ-2020-nin Buxarestdə, “Milli Arena”da keçiriləcək qarşılaşmalarına 13 min azarkeşin buraxılacağını deyib.

“Milli Arena”da AÇ-2020-nin C qrupunun Avstriya – Şimali Makedoniya, Ukrayna – Şimali Makedoniya və Ukrayna – Avstriya matçları ilə yanaşı, 1/8 final mərhələsinin bir görüşü keçiriləcək.

Bundan əvvəl İtaliya – Romada keçiriləcək AÇ-2020-nin qarşılaşmalarına məhdud sayda azarkeşlərin buraxılacağı bildirilmişdi.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.