ABŞ klubundan “Sevilya”nın futbolçusu üçün rekord təklif

İspaniyanın “Sevilya” klubunun futbolçusu Xavyer Hernandes karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Los Anceles Qalaksi”nin hədəfindədir. MLS təmsilçisi Çiçarito üçün İspaniya klubuna rekord məbləğ təklif edəcək. Klubun “Sevilya”ya 9 milyon avro+3 milyon (bonus) təklif edəcəyi gözlənilir. Bu isə klub tarixində rekord transfer məbləğidir.

Hernandes bir müddət əvvəl verdiyi açıqlamada, karyerasını ABŞ-da davam etdirmək istədiyini demişdi.

Meksikalı futbolçunun “Sevilya” ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.