78 min avroluq saat Almaniya futbolunu başsız qoydu

Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel istefa verib.

Komanda.az xəbər verir ki, onun istefasına Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisdən aldığı bahalı saat səbəb göstərilir.

Belə ki, Almaniya mətbuatı Surkisin Qrindelə qiyməti 78 min avro olan bir saat bağışladığını üzə çıxarıb. Almaniya Futbol Federasiyasının qaydalarına görə, Qrindel bu barədə məlumat verməli, ya da geri qaytarmalı idi. Lakin o, bu iki yoldan heç birini seçməyib və sözügedən hədiyyəni belə demək mümkünsə, gizlincə qəbul edib.

Maraqlıdı ki, bu, ilyarım əvvəl Qrindelin ad günündə baş verib. Lakin mətbuat hadisənin üstünü indi açıb.

AFF ilə yanaşı, UEFA və FİFA-da da çalışan Qrindel ilinə 500 min avro qazandığı halda, belə bir hədiyyəni qəbul etdiyi üçün ölkə mətbuatının və ictimaiyyətin ciddi qınağı ilə üzləşib. Məhz bu üzdən 57 yaşlı futbol funksioneri istefa vermək məcburiyyətində qalıb.

Qrindel 2016-cı ildən Almaniya futboluna rəhbərlik edirdi.