4-6-0

Kürşad

Azərbaycanın müxtəlif yaşda, eyni başda olan milli komandalarının seçmə mərhələlərdəki biabırçı çıxışından sonra “Qarabağ” həmişə azarkeşlərə alman istehsalı başağrı, qarınağrı, ürəkağrı dərmanları kimi təsir göstərir. “Qarabağ”ın boynuna könlünü futbola verən azərbaycanlıları sevindirməklə yanaşı, AFFA-nın “zibillər”ini ört-basdır etmək, üzərinə suvağ çəkmək də yazılıb.

Amma “Qarabağ” da…

“Qarabağ” sanki son illərdə and içib, duz-çörək kəsib, gözünün üstünə qoyub əhd edib ki, avrokuboklara belə başlayacaq – dünən Albaniyada “Partizani” ilə oyunda olduğu kimi. Azarkeşlərinin ürəyini ağzına gətirərək, “sürüşkən” hesabla, hesablarla.

Mən başa düşürəm, Qurban Qurbanov komandasının “Barselona” tərzində, ruhunda, havasında oynamasını arzulayır. Amma hətta “Barselona”da belə, mərkəz hücumçusu var. Lionel Messinin hər il bombardir olduğu “Barsa”da mərkəz hücumçusu kimi Luis Suares var. Bəs “Qarabağ”ın niyə mərkəz hücumçusu yoxdur?

Mən onu da başa düşürəm ki, Azərbaycan kimi reytinqi, nüfuzu, hörməti aşağı ölkələrə normal səviyyədə futbolçu gətirmək özü elə anormallıqdır. Amma Dino Ndlovunun gedişindən, son mövsümdə Avropa Liqasında adamın gözünə girib, ayağından çıxan qolsuzluq “xəstəliy”ini görəndən sonra “köhlən atlar” normal da olsa, anormal da olsa, mərkəz hücumçusu transfer etməli idi. Bunun üçün zaman var idi. Hansısa mərkəz hücumçusunu həmin anda transfer etmək mümkün olmasa belə, danışıq aparmaq, “transfer pəncərəsi” açılan kimi heyətə qatmaq olardı. Axı Mahir Emreli ilə hara kimi, nə qədər? Mahir “Qarabağ”ın orta sahəsini bayram xonçası kimi bəzəyən legionerlərin zəhməti hesabına o qədər də pis təsir bağışlamır. Ancaq Mahirin və “Qarabağ”ın digər yerli futbolçularının o səviyyədə olmadıqları milli komandanın oyunlarında bilinib, bilinir, bilinəcək.

“Qarabağ”a mərkəz müdafiəçisi də lazımdır, hücumçu da. Ancaq hücumçu daha vacibdir, şərtdir, mütləqdir. Elə ən azı ona görə ki, “Partizani” ilə Bakıdakı cavab matçında hər kəsin gözü rəqib qapısına qol vuracaq birini axtaracaq. O biri isə gələcək, gəlməyəcək, Allah bilir, klub rəhbərliyi bilir, bir də baş məşqçi.

P.S. “Qarabağ” “Partizani”dən daha yaxşı oyun və daha səviyyəli komanda olduğunu göstərdi. Çox güman ki, Ağdam təmsilçisi mərhələni keçəcək, bəlkə də, doğma meydanda albanların qapısına 4-5 qol vuracaqlar. Amma lap 50 qol vursunlar, komandaya mərkəz hücumçusu lazımdır. “Qarabağ” kimi Azərbaycan futbolunun brendinə çevrilən bir komandanın boyuna-posuna, adına-sanına yaraşmır 4-6-0 taktikası.