Avtoqola görə qətlə yetirilən “Alicənab” – Yazı+Fotolar

1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatı bir çox maraqlı hadisələrlə yadda qalan – Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın dopinqdən istifadə etdiyi üçün turnirdən kənarlaşdırıldığı, Kolumbiya milli komandasının futbolçusu Andres Eskobarın ölümünə səbəb olan və sonda Braziliyanın çempion olduğu mundialdır.

Andres Eskobar 1967-ci ildə Kolumbiyanın Medelin şəhərində dünyaya gəlib. Kolumbiyanın məşhur narkotik taciri Pablo Eskobarla eyni soyadı daşısa da, ondan fərqli olaraq, Adres futbolla məşğul olurdu və ölkəsinin adını bu vasitəylə dünyaya tanıtdırmaq niyyətində idi. Andres Kolumbiya futbolu haqda dünyada müəyyən təəssürat yarada bildi, amma təəssüf ki, bunlar heç də yaxşı şeylər deyildi…

Andres karyerası ərzində yalnız iki klubda – “Atletiko Nasyonal” (Kolumbiya) və “Yanq Boyz”da (İsveçrə) forma geyinib. Müdafiəçi mövqeyində çıxış edən Eskobarın atası bank işçisi, qardaşı isə futbolçu idi. Adres böyük qardaşı Santiaqo ilə “Atletiko Nasyonal” klubunda forma geyinib. Çıxış etdiyi klublarda 2 nömrəli formanı geyinən futbolçunun ləqəbi isə “Alicənab” idi. O, meydanda sakit qalması və oyun tərziylə bu adı qazanmışdı.

Andresin böyüdüyü Medelin şəhəri 1970-80-ci illərin ən təhlükəli şəhərlərindən biri sayılırdı. Həmin dövrdə bura Kolumbiyanın bütün narko kartellərinin yerləşdiyi şəhər idi. Ölkənin ən böyük narkobaronu olan, İnterpol tərəfindən axtarışa verilən Pablo Eskobar da böyük olan sərvətinin bir qismiylə “Atletiko Nasyonal” klubunu maliyyələşdirirdi. Eskobar Medelin şəhərində stadionlar tikdirir, futbol komandalarına maliyyə dəstəyi verirdi. Mafioz qruplaşmaların də təsiri olduğu futbol komandalarının oyunçuları da çətinliklə üzləşirdilər. Çünki hər oyuna çıxanda futbolçular təzyiq altında olurdu. Müxtəlif cinayətlər işləyən, narkotik satışı ilə məşğul olan şəxslər də futboldan danışır, oyunlara pul qoyuluşu edir və komandalardan uğur qazanmaları tələb olunurdu. Kolumbiya milli komandasının da oyunlarında hansı futbolçuların oynayacağına başqaları qərar verir, bu olmayacağı təqdirdə də komanda üzvləri ölümlə təhdid olunurdular. Hətta iddialara görə, Kolumbiya futbolunun tanınmış simalarından olan qapıçı Rene İgita narkobaronların sifarişiylə DÇ-1994-də iştirak etməyib.

Pablo Eskobar və “Atletiko Nasyonal”

“Alicənab” Eskobarın həm futbol karyerası, həm də ömrü uzun sürmədi. 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında öz qapısına qol vurması və komandasının məğlub olması onun üçün artıq sonun hazırlanması demək idi.

O vaxtlar Kolumbiya milli komandasının heyətində Oskar Kordoba, Karlos Valderrama, Farid Mondraqon kimi futbolçular var idi. Seçmə mərhələdə Argentinanın 5:0 hesabıyla məğlub edilməsi kolumbiyalılara olan inamı artırmışdı. DÇ-nin qrup mərhələsinin ilk oyununda Rumıniyaya məğlub olan yığma artıq növbəti – ABŞ-la matçda qələbə qazanmalı idi. Artıq bütün komanda üzvləri təzyiq altında idi. ABŞ-la oyundan əvvəl Kolumbiya milli komandasının baş məşqçisi Fransisko Maturana və yarımmüdafiəçi Qabriel Xayme Qomes öldürülməklə təhdid edilmişdi. Təhdiddə tələb, Qomesin oyunda iştirak etməməsiydi və belə də oldu. Bundan bir gün sonra Qomes futbolçu karyerasını bitirdiyini açıqlamışdı. ABŞ-la keçirilən qrup matçında da 1:2 hesabıyla məğlub olan Kolumbiya millisi son oyunda İveçrəni məğlub etsə də, qrupdan çıxa bilmədi. ABŞ-la matçda öz qapısına qol vuran Eskobar başına gələcəklərdən narahat olsa da, bunu büruzə vermirdi. ABŞ məğlubiyyətindən sonra jurnalistlərə açıqlama verən Eskobarın sözlərindəki məyusluq isə açıq-aşkar sezilirdi:

“Həyat burda bitmir, davam etmək məcburiyyətindəyik, burda bitə bilməz. Nə qədər çətin olsa da, ayağa qalxmalıyıq. Xahiş edirəm, hörməti saxlayın, hər kəsə salamlarımı göndərirəm. Mənim üçün unudulmaz və nadir bir təcrübə oldu. Bir-birimizi yaxında görəcəyik, çünki həyat burda bitmədi”.

Oyundan sonra komandanın baş məşqçisi Maturana da sanki Eskobarın öldürüləcəyini əvvəlcədən hiss etmiş və bunları demişdi:

“Futbol sadəcə bir oyundur. Andresin öz qapısına qol vurduğu üçün öldürülməsinə heç bir əsas yoxdur”.

1993-cü ildə narkobaron Pablo Eskobarın ölümündın sonra Medelində vəziyyət artıq çox qarışmışdı. Cinayətlər, oğurluqlar baş alıb gedirdi. Medelindəki vəziyyət nəzərə alınaraq, Eskobara ABŞ-da qalması təklif edilmişdi, ancaq o, geri qayıtmağı seçmişdi.

Eskobar Kolumbiyaya – Medelinə qayıtdıqdan iki gün sonra gecə saatlarında bir bara gedir. Burda üç nəfər onun yanına gələrək, öz qapısına vurduğu qol səbəbiylə təhqir etməyə başlayır. Naməlum şəxslər Eskobara “avtoqol üçün təşəkür edirik” deyir, atəş açmağa başlayır və hər güllə səsində “qoool” deyə, qışqırırlar. 6 güllə yarası alan Eskobarı dostları xəstəxanaya aparsa da, müdafiəçi 45 dəqiqə sonra ölür (1994-cü il, 2 iyul). Eskobarın ölümündən sonra komandanın digər futbolçuları xüsusi qorunur və hökumət “Alicənab”ın cinayətində günahkar olanların tapılması üçün 650 min dollarlıq mükafat müəyyən edir. Eskobarın ölümündən sonra Kolumbiya milli komandasının bir neçə üzvü yığma karyerasını bitirmişdi.

Eskobarın dəfn mərasimində 120 minə yaxın adam iştirak edib. Hər il onun anım günü keçirilir, 2002-ci ilin iyulunda isə doğma şəhəri Medelində heykəli qoyulub.

1995-ci ildə Humberto Kastro Munyos Eskobarı öldürdüyünü etiraf edir və 43 il həbs cəzası alır. 2001-ci ildə cəzası 26 ilə endirilir, 2005-ci ildə isə hadisənin yenidən araşdırılması səbəbindən azadlığa buraxılır. Bundan sonra, 2018-ci ilin yanvarında Santiaqo Qallon Henao Eskobarı öldürməkdə ittiham olunur və həbs olunur. Henao da o dövrlərdə narkobaron idi. İddiaya görə, o, Kolumbiyanın ABŞ-la matçına pul qoyub və nəticədə 10 milyon dollar itirmişdi.

Peşəkar karyerasına 1987-ci ildə başlayan Andresin futbol həyatı cəmi 7 il çəksə də, Kolumbiya futbolunun tanınan simalarından oldu. Mərhum müdafiəçi DÇ-1994-dən əvvəl İtaliya nəhəngi “Milan”dan təklif almışdı, ancaq ölkəsini tərk etmək istəməmişdi…

Şahin Cəfərov