Cəbrayılın 7 il yaşayan “Çinar”ı Yazı+Fotolar

1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olun Cəbrayıl rayonu oktyabrın 4-də Azərbaycan ordusu tərəfindən geri alındı.

Cəbrayıl rayonunun işğaldan əvvəl 1050 kvadrat kilometr ərazisi, 76600 nəfər əhalisi olub. Rayonun bir də futbol komandası olub – “Çinar”. Komandanın heyəti 1985-ci ildə, Cəbrayıl rayonunun bir neçə həvəskar komandasından seçilən futbolçulardan qurulub. “Çinar”ın adı Cəbrayılda rayonun simvoluna çevrilən ağacların şərəfinə belə adlanıb. Komandanın adı daha sonra – 1989-cu ildə dəyişdirilərək “Xudafərin” olub.

“Çinar”ın ilk baş məşqçisi Xanış Mehdiyev olub. Mehdiyev daha əvvəl futbol hakimliyi ilə məşğul olub. Oyunlarda ədalət təmsilçisi olan Mehdiyev, Cəbrayıl rayonunda futbolun dirçəlməsinə əmək sərf etmiş, daha sonra məşqçi kimi çalışdığı “Çinar” komandasını formalaşdırmışdı. Komanda 1986/87 mövsümündə Azərbaycan çempionatında zona yarışlarında iştirak edib və turnirin qalibi adını qazanıb. Vaxtilə “Turan”, “Qarabağ” və “Neftçi”də oynamış Vəli Hüseynov da məhz “Çinar”ın yetirməsi olub. “Çinar”ın futbolçusu Sərdar Abdullayev isə yeniyetmələrdən ibarət SSRİ yığmasına qədər yüksələ bilmişdi.

1992-ci ildə ermənilərlə müharibə zamanı “Xudafərin”in çalışdırıcısı Mehdiyev də cəbhəyə yollanıb, torpaq uğrunda döyüşüb. Və bundan sonra “Xudafərin” fəaliyyətini dayandırıb.

Ermənilərin işğalından qurtarılan ilk rayon olan Cəbrayılda yaxın bir neçə ildə yenidən futbolun inkişafına sərmayə yatırılacağı, yeni bir bölgə komandasının Azərbaycan futboluna öz töhfəsini verəcəyinə ümid edirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button