Sən cahilsənmi?

Rəşad Ergün

Yox, mən artıq üzülmürəm.

Yaşadığım ölkənin gerçəklərini bilirəm, insanlarını tanıyıram.

Azərbaycan millisinin yaşıl meydanda, rəqibləri qarşısında cahil görünən futbolçuları kimi cahillər başqa sahələrdə də çoxdur. Çox, lap çox, saya-hesaba gəlməyəcək qədər çox.

Azərbaycan adlı məmləkətin milli komandasının bu ölkənin futbola könül verən kişilərinin papağını hər dəfə yerə soxmasına o vaxt üzülməməyi öyrəndim ki, onda Berti Foqts adlı qoca bir alman buralarda veyillənirdi, gəzirdi, əylənirdi, kefi istəyəndə Almaniyada yaşayırdı. Onda biz hələ Azərbaycan idmanından da, futbolundan da xeyli yuxarıda dayanan “Komanda” qəzetində çalışırdıq. Qəzetin az qala hər sayında yazırdıq ki, Foqtsla vaxt itiririk, ona və başındakı “nemes” çətəsinə boş yerə milyonlar veririk. Onda futbol adamlarının, idman mediasında çalışanların əksəriyyəti “Foqts bizim milli komandaya nizam-intizam gətirib, onu gətirib, bunu gətirib” kimi sərsəm fikirlərlə TV ekranından, qəzet səhifəsindən, monitor arxasından qışqırırdılar. Bu ölkənin futbolunda nə baş verirsə versin, üzülməməyi onda öyrəndim. Əksinə, həmin Berti Foqts Xorvatiya millisinə 0:6 hesablı məğlubiyyətdən sonra Bakıya da gəlməyib, matçın keçirildiyi Osiyek şəhərindən birbaşa Almaniyaya qaçanda gülmüşdüm. Məni daha çox güldürən, dünənə kimi “Foqtsdan yoxdur” deyən futbol adamlarının, jurnalistlərin sosial şəbəkə hesabından qoca almanı asıb-kəsmələri, söymələri idi.

Sonra Azərbaycanın naz-nemətlərindən yeyib, qarnını hər gün bir az daha şişirdən Robert Prosineçki ad-soyadlı biri gəldi. Milli onun rəhbərliyi altında Avropanın ortabab komandalarının bəzilərindən bir-iki xal qopardı, “cırtdanlar” üzərində bir neçə qələbə qazandı, xorvat məşqçi qəhrəman oldu. AFFA rəhbərliyinin “Niyə də yox?” adlı əttökən kampaniyasına bir də, ölkənin zəka və vicdan baxımından qüsurlu futbol adamları, jurnalistləri qatıldı. Sabun köpüyünü Şimali İrlandiya millisi dağıtdı. Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan yığmasını darmadağın etməklə, qapısına dörd cavabsız qol vurmaqla.

AFFA rəhbərliyi Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxaran Canni De Byazini hansısa vədlərlə, xalqın boğazından kəsilən pullarla Azərbaycana gətirəndə də eyni şey oldu. Ölkənin özünü bir zad sayan əksər futbol adamları, media “qəhrəmanlar”ı çəpik çalmağa başladılar. Lüksemburq kimi “cırtdan”a, Bakıda yeriyə-yeriyə qələbə qazanan Xorvatiyaya məğlubiyyətdən sonra dişlərini qıcayıb, yumruqlarını düyünləyib sosial şəbəkədə əsib-gurlamalarına baxmayın, De Byazi bir dənə qələbə qazansın, bu zəkası və vicdanı qüsurlu adamlar hər şeyi bir kənara buraxıb, çəpik çalmağa başlayacaqlar, hətta bəlkə, AFFA rəhbərliyindən növbəti “Niyə də yox?” kampaniyasına başlamağı tələb edəcəklər.

Yox, yox, mən artıq üzülmürəm.

Param-parça olmuş məmləkətimin səhiyyəsinə, təhsilinə, mədəniyyətinə, turizminə, futboluna, hər sahəsinə, hər köşəsinə çökən uğursuzluğun, qaranlığın səbəbini, sirrini bildiyim üçün üzülmürəm. Mən ölkəmin insanını tanıdığım üçün üzülmürəm daha. Azərbaycan milli komandasının yaşıl meydanda, rəqibləri qarşısında cahil görünən futbolçuları kimi cahillər hər sahədə var. Özü də çoxdular, lap çox, saya-hesaba gəlməyəcək qədər çox.

P.S. Yazını oxuyub, bura qədər gəldinsə, özünə sual ver: sən də cahilsənmi?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button