“0” adamlar

Rəşad Ergün

Sanki gözəgörünməz beyinlər, əllər azərbaycanlıları durmadan, nəfəs dərmədən istedadsız, bacarıqsız, keyfiyyətsiz olduqlarına inandırmağa çalışır. İnsafən, bunu bacarırlar da. Həm də, yaxşı bacarırlar.

Tabloya baxın;

  • Azərbaycanlılar futbol oynaya bilmirlər. İştirak etdikləri hər yarışda uduzurlar. Azərbaycanda elə bir futbolçu yetişmir ki, gedib Avropada, normal səviyyəli bir klubda forma geyinsin. Azərbaycanlılar futbol oynaya bilmədiyinə görə də, braziliyalı Riçard Almeydanı, xorvatiyalı Filip Ozobiçi onların gözünə soxa-soxa gətirib Azərbaycan milli komandasında oynatmaq lazımdır.
  • Azərbaycanlılar güləşə bilmirlər. Elə buna görə də, medal qazana bilmirlər, gedib xaricdən puluyla güləşçilər gətirmək lazımdır.
  • Azərbaycanlıların boks haqda təsəvvürü Mayk Taysonun Evander Holifildin qulağını dişləməsindən o yana getmir, onlara Kubadan Lorenzo Sotomayor adlı birini gətirib, başa salmaq lazımdır.
  • Azərbaycanlılar üzgüçülük nədir, bilmirlər, su görməyiblər axı… Xaricdən idmançı tapıb gətirmək lazımdır, olimpiadalarda medal qazanmasa da olar, əsas odur ki, suda boğulmasın.
  • Azərbaycanlılar idman gimnastikasının nə olduğunu dərk etmirlər, toylarda “Ləzginka” və “İran təranələri” oynayan adamlardır. İvan Tixonov, Marina Nekrasova kimilərini gətirib, əhli Azərbaycana idman gimnastikasının nə olduğunu döyə-döyə izah etmək vacibdir.
  • Nə olsun ki, Babəkin, Koroğlunun nəvələri, nəticələridir, azərbaycanlılar idmanın qılıncoynatma növündə yekə bir “0”-dır. Rus Anna Baştanı gətirib, ən başda oturtmaq mütləqdir.
  • Azərbaycanlılar taekvondo sözünü düzgün tələffüz edə bilmirlər, o ki qaldı bu idman növündə nəsə uğur qazansınlar. Kim lazımdır? İranlı Milad Beigi Hərçəqani!
  • Azərbaycanlılar…

Azərbaycanlılar istedadsızdır, bacarıqsızdır, tənbəldir – bizə illərdir bunu aşılamağa çalışırlar. O gözəgörünməz beyinlər, əllər bizi inandırmağa çalışır ki, xalq, millət olaraq “0”-ıq. Beynimizə yeritməyə çalışırlar ki, ruslar, ukraynalılar, iranlılar, braziliyalılar, kubalılar, indoneziyalılar, bolqarıstanlılar bizdən daha yaxşıdır, bizdən daha yaxşısına layiqdir. Bizə yaradılan şəraitdən daha yaxşısını onlara yaradırlar, bizə verilən pulun ikiqatını, üçqatını onlara verirlər. Azərbaycanda azərbaycanlılara “0” kimi baxırlar!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button